NATO-nun baş katibi Mark Rütte Rusiyaya məxsus iki ballistik raketin və bir pilotsuz uçuş aparatının (PUA) Polşanın hava məkanına daxil olaraq ölkənin müxtəlif ərazilərinə düşməsindən sonra Varşavaya səfər edib.
Hadisələrin Molodiç, Novı-Lipoveç və Xmelek kəndləri yaxınlığında baş verdiyini bildirən Rütte jurnalistlərə açıqlamasında hava məkanının pozulmasını təhlükəli hadisə kimi qiymətləndirib.
O qeyd edib ki, Polşa hərbi təyyarələri müttəfiq ölkələrin aviasiyası ilə birlikdə ölkənin hava məkanını lazımi qaydada qoruyub.
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkevixin Polşanın müdafiə və çəkindirmə imkanlarına qarşı mövcud təhdidləri qiymətləndirəcəyini bildirən Rütte, zərurət yaranacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyini vurğulayıb.
“Əmin edə bilərəm ki, NATO Polşa ərazisinin hər qarışını müdafiə edəcək”, – deyə alyansın baş katibi bəyan edib.
Rütte Ukraynada davam edən müharibəyə də toxunub. O iddia edib ki, Ukrayna ordusu hər ay 50 minədək Rusiya hərbçisini öldürür və ya ağır yaralayır.
NATO baş katibinin sözlərinə görə, bu itkilər Rusiya üçün böyük bədəl yaradır. O, Moskvanın mövqeyini dəyişməsinə nail olmaq məqsədilə zəruri addımların atılacağını da bildirib.
Tahir TAĞIYEV