Liviyanın şərqindəki Benqazi şəhərinin limanında Rusiyaya məxsus ticarət gəmisində partlayış baş verib. Hücumun Ukrayna tərəfindən pilotsuz dəniz aparatı (PDA) ilə həyata keçirildiyi iddia olunur.
Liviyanın şərqində fəaliyyət göstərən hakimiyyət orqanlarının ilkin araşdırmasına görə, partlayış pilotsuz dəniz aparatının gəmiyə hücumu nəticəsində baş verib.
Liviyanın şərqindən yayımlanan “Əl-Məsar” telekanalı Benqazi sahillərində pilotsuz dəniz aparatının ticarət gəmisini hədəf aldığı anları əks etdirən görüntülər yayımlayıb.
Hadisə zamanı gəminin heyət üzvlərinin vəziyyəti barədə məlumat verilməyib. Eyni zamanda, Liviyanın şərqindəki dəniz qüvvələrinin 12 pilotsuz dəniz aparatını məhv etdiyi bildirilir.
Liviyanın Benqazi şəhərində fəaliyyət göstərən və Nümayəndələr Palatasının təyin etdiyi hökumət də səhər saatlarında limanda Rusiya gəmisinin hücuma məruz qaldığını açıqlamışdı. Həmin bəyanatda hücumun pilotsuz uçuş aparatı ilə həyata keçirildiyi ehtimal olunsa da, ölən və yaralananlar barədə məlumat verilməmişdi.
Açıqlamada Liviyanın beynəlxalq münaqişələrin meydanına çevrilməsinə icazə verilməyəcəyi vurğulanıb.
“Liviya hökuməti ölkənin nə Rusiya-Ukrayna müharibəsinin, nə də öz sərhədlərindən kənarda baş verən hər hansı silahlı münaqişənin tərəfi olmadığını bildirir. Dost ölkələrlə mövcud qanuni münasibətlər və razılaşmalar heç bir tərəfə başqa ölkələrin ərazilərinə, limanlarına və ya maraqlarına müdaxilə etmək, yaxud onları hədəfə almaq üçün bəhanə vermir. Bu, suverenlik məsələsidir”, – deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, Liviyada hazırda iki ayrı hökumət fəaliyyət göstərir. Onlardan biri BMT tərəfindən legitim hesab edilən Tripolidəki Milli Birlik Hökuməti, digəri isə Nümayəndələr Palatasının təyin etdiyi Benqazidəki hökumətdir.
Tahir TAĞIYEV