Rusiya Prezidenti Vladimir Putinin müharibə başa çatdıqdan sonra Ukraynaya NATO-nun kollektiv müdafiə prinsipinə bənzər təhlükəsizlik təminatlarının verilməsinə prinsipial olaraq razılıq verdiyi iddia olunur. Bunun qarşılığında Ukrayna ərazisində NATO qoşunlarının yerləşdirilməməsi şərtinin irəli sürüldüyü bildirilir.
“The Washington Post” qəzetinin danışıqlara yaxın mənbəyə istinadən yazdığına görə, mümkün razılaşma çərçivəsində Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldılması da nəzərdə tutula bilər. Lakin Moskva yeni hərbi müdaxilə üçün qoşun toplamağa başlayarsa, sanksiyaların yenidən bərpa edilməsi təklif olunur.
Məlumata görə, danışıqların əsas məsələlərindən biri də Ukraynanın Avropa İttifaqına üzvlük perspektividir. Rusiya 2022-ci ildə genişmiqyaslı hərbi müdaxiləyə başlayarkən Ukraynanın Avropaya yaxınlaşmasının qarşısını almağı hədəfləsə də, danışıqlarda iştirak edənlərin fikrincə, bu məqsədinə nail ola bilməyib.
ABŞ prezidentinin nümayəndəsi Cared Kuşner Ukraynanın Avropa İttifaqına üzvlüyü perspektivinin müzakirəsində əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib. Avropalı rəsmilər də Ukraynanın üzvlüyə doğru irəliləməsini sürətləndirə biləcək xüsusi mexanizmin yaradılması imkanını nəzərdən keçirirlər. Bununla belə, prosesin 10 ilə qədər davam edə biləcəyi bildirilir.
Danışıqların ən çətin mövzularından biri isə ərazi məsələsidir. “The Washington Post”un məlumatına görə, Putin ən şiddətli döyüşlərin getdiyi Donbasın tamamilə Rusiyaya verilməsini tələb edir. Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiya ordusunun ələ keçirə bilmədiyi ərazilərdən imtina etmək istəmir.
Nəşrin yazdığına görə, Cared Kuşner Putinin Donbasla bağlı tələblərini Ukraynanın NATO-ya üzvlüyü perspektivi ilə uzlaşdırmağın mümkün yollarını axtarır.
Zelenski bildirib ki, ABŞ tərəfi ilk dəfə ötən həftə Ukraynanın NATO-ya üzvlüyü müqabilində Donbasdan geri çəkilməsi məsələsini gündəmə gətirib.
Ukrayna prezidenti mümkün kompromisin referendumla təsdiqlənməsinə hazır olduğunu bildirib. Lakin bunun üçün razılaşmada ölkəyə təhlükəsizlik təminatlarının verilməsi, bərpa işlərinin maliyyələşdirilməsi və gələcək Ukrayna ordusunun sayına heç bir məhdudiyyət qoyulmaması kimi şərtlər yer almalıdır.
Qeyd edək ki, Putinin NATO modelində təhlükəsizlik təminatlarına razılıq verməsi ilə bağlı məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. ABŞ nümayəndəsi Cared Kuşner isə Rusiyanın müharibədən sonrakı Ukrayna üçün belə təminatların verilməsi ideyasına müsbət yanaşdığını düşündüyünü bildirib.
Tahir TAĞIYEV