Hollandiyanın müdafiə sənayesi şirkəti "Destinus”un Ukraynanın Rusiyaya qarşı hücumunda istifadə olunan silahlarla bağlı açıqlaması Moskva ilə Haaqa arasında diplomatik gərginliyə səbəb olub.
Almaniya sərhədinə yaxın Hengelo şəhərində fəaliyyət göstərən şirkət Rusiyanın ilhaq etdiyi Krımı Rusiya ilə birləşdirən körpüyə raket hücumunda istifadə olunan RUTA raketlərini təmin etdiyini açıqlayıb. Şirkət hücum nəticəsində körpünün bir hissəsinin dağıldığını bildirib.
Bundan əlavə, Hollandiyanın NRC nəşri apardığı araşdırmada “Destinus” əməkdaşlarının Ukraynada hərbi fəaliyyətlərə dəstək verdiyini iddia edib. Bildirilir ki, şirkət əməkdaşları Rusiya istehsalı olan “Shahid” tipli dronların izlənilməsində və Ukrayna hərbçilərinə məlumatların ötürülməsində iştirak ediblər.
“Destinus” isə bu iddiaları rədd edərək əməkdaşlarının aktiv hərbi əməliyyatlarda iştirak etmədiyini bildirib. Şirkətin sözçüsü hədəf seçimi və döyüş sursatlarının idarə olunmasının Ukrayna Silahlı Qüvvələrinin məsuliyyətində olduğunu vurğulayıb.
Məsələ Rusiyanın Niderlanddakı səfirliyinin də sərt reaksiyasına səbəb olub. Səfirlik Haaqaya müraciətlə “Müharibə istəyirsiniz?” sualını ünvanlayıb və Niderlandın Ukraynaya dəstəyinin getdikcə artırılmasını tənqid edib.
Rusiya tərəfi Niderlandın Ukraynaya göstərdiyi dəstəyin miqyasını şübhə altına alaraq bildirib ki, Haaqanı artıq münaqişədə sadəcə müşahidəçi hesab etmək çətinləşir. Moskvanın fikrincə, Niderland atdığı addımlarla müharibəyə müdaxilə səviyyəsini getdikcə artırır.
Gərginlik Rusiyanın Kiyevə hücumu zamanı Niderland səfirliyinin binasına ziyan dəyməsindən sonra daha da artıb. Niderlandın Baş naziri Rob Jetten hadisəni yeni eskalasiya adlandırıb. O, Rusiyanın bu cür addımlarla ölkəni qorxuda bilməyəcəyini bildirib. Hökumət Rusiyanın səfirini etiraz bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırıb.
Hadisə Rusiya ilə Niderland arasında Ukrayna müharibəsi fonunda diplomatik qarşıdurmanın daha da dərinləşdiyini göstərir.
Tahir TAĞIYEV