Ukrayna Prezidenti Volodimir Zelenski Liviya sahillərində Ukrayna dəniz dronlarının Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Merkuri” korvetini batırdığını təsdiqləyib. Gəmidə Ka-27 tipli hərbi helikopterin də olduğu və onun da məhv edildiyi bildirilir. Əməliyyat zamanı Rusiyanın silah daşınmasında istifadə etdiyi MV “Angara” quru yük gəmisinin də hədəfə alındığı açıqlanıb.
Zelenskinin sözlərinə görə, əməliyyat Liviya sahillərində həyata keçirilib və Ukrayna istehsalı olan yeddi dəniz dronundan istifadə olunub.
“Düşmənin hücumun qarşısını almaq üçün bütün cəhdlərinə baxmayaraq, Rusiyanın ‘Merkuri’ korveti batırılıb. Bu, onların ən yeni gəmilərindən biridir və genişmiqyaslı müharibə davam edərkən, 2023-cü ildə donanmaya daxil edilmişdi. Korvetlə birlikdə Ka-27 döyüş helikopteri də məhv edilib”, – deyə Zelenski bildirib.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına görə, bort nömrəsi 734 olan “Merkuri” korveti Rusiyanın Qara dəniz donanmasının tərkibində olub. Gəmi dənizdə Rusiya karvanlarını, o cümlədən əməliyyatın ikinci hədəfi olan MV “Angara” yük gəmisini müşayiət edib.
SBU-nun bildirdiyinə görə, Rusiyanın sanksiyalar altında olan “Angara” gəmisindən hərbi texnika və avadanlıqların daşınması üçün istifadə edilib. Bu daşımalar arasında “Suriya Ekspresi” və “Liviya Ekspresi” adlanan təchizat marşrutları da yer alıb. “Suriya Ekspresi” 2012-ci ildən Rusiyanın limanları ilə Suriyanın Tartus limanı arasında silah, hərbi texnika, şəxsi heyət və digər təchizatın daşınması üçün istifadə olunan dəniz-logistika şəbəkəsinə verilən addır.
SBU hücuma məruz qalan hər iki gəminin Ukrayna üçün qanuni hərbi hədəf olduğunu bəyan edib. Qurumun açıqlamasında onların Rusiyanın hərbi imkanlarını birbaşa dəstəklədiyi vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl iki liviyalı rəsmi “Associated Press” agentliyinə Rusiyanın “Merkuri” korvetinin Benqazi limanındakı hərbi-dəniz bazasına endirilən zərbə nəticəsində ciddi zədələndiyini və bazada yanğın baş verdiyini bildirmişdi. Agentlik ilkin araşdırmaya istinadən gəminin Ukrayna dəniz dronları tərəfindən vurulmuş ola biləcəyini yazmışdı.
Tahir TAĞIYEV