Ramil Hüseynov: “Bu, son illər dünya nizamının pozulması, regionda gedən müharibələrin yarada biləcəyi potensial...”
Türkiyədə 81 vilayətdə Mənzil İnkişafı İdarəsi (TOKİ) və aidiyyəti qurumların koordinasiyası ilə müharibə, təbii fəlakət, nüvə, bioloji və kimyəvi təhlükələrə qarşı 83 500 müasir sığınacağın inşası həyata keçirilir.
Layihə çərçivəsində 81 vilayətdə ümumilikdə 83 500 sığınacaq tikilir və hər vətəndaşa 1 kvadratmetr sahə nəzərdə tutulur. Sığınacaqlar 21 gün ərzində əsas həyat ehtiyaclarını qarşılaya biləcək səviyyədə layihələndirilir. İçməli su, havalandırma sistemləri, təcili tibbi yardım sahələri və əsas ərzaq ehtiyatı kimi infrastruktur elementləri ilə təmin olunur.
Layihə mövcud sığınacaq infrastrukturunun qeyri-kafi olduğunu və bir çox sığınacaqların dayanacaq və ya saxlama yeri kimi istifadə edildiyini aşkar etdi. Buna görə də, TOKİ müasir dövrün ehtiyaclarına cavab verən davamlı və təhlükəsiz sığınacaqlar tikməklə bu çatışmazlığı aradan qaldırmağı hədəfləyir. Rəsmilər bildiriblər ki, məqsəd bütün sığınacaqları 120 günlük qısa müddət ərzində tamamlamaq və vətəndaşların istifadəsinə verməkdir.
Maraqlıdır, sığınacaqların tikilməsində məqsəd nədir? Türkiyəyə qarşı doğurdanmı hansısa müharibə təhlükəsi var?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, Türkiyədə sığınacaqların tikilməsi, əvvəlkilərin təmir edilməsi ölkənin hansısa konkret müharibəyə hazırlaşması ilə bağlı deyil: “Fikrimcə, bu, son illər dünya nizamının pozulması, regionda gedən müharibələrin yarada biləcəyi potensial təhdidlər, geosiyasi proseslərin sürətlə dəyişməsi ilə bağlı ola bilər. Nəzərə almaq lazımdır ki, Türkiyə önəmli coğrafi mövqedə yerləşən ölkədir. NATO-nun üzvü olmaq, sözügedən alyansın çətiri altında olmaq o demək deyil ki. belə hallara hazır olmağa zərurət yoxdur. Belə hazırlıqlar təkcə Türkiyədə görülmür. Məsələ ondadır ki, son dövrlər Avropada da oxşar addım gündəmdədir. Məsələn, Almaniya bu yaxınlarda təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən sığınacaq infrastrukturunu yeniləmək qərarına gəlib. Üstəlik, Almaniyada planlaşdırılan bu layihənin uzun illər davam etməsi nəzərdə tutulub və tamamlanması təxminən 10 il çəkəcəyi bildirilir. Digər bəzi Avropa dövlətlərində, xüsusən Polşa və Pribaltika ölkələrində oxşar proseslər gedir. Rusiya-Ukrayna müharibəsi göstərdi ki, hər an hər şey baş verə bilər və buna hazır olmaq lazımdır”.
Vidadi ORDAHALLI