Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin praktiki icra mərhələsinə start verildiyini açıqlayıb. O, layihəni Ermənistan müstəqillik qazandıqdan sonra ölkədə həyata keçiriləcək ən böyük iqtisadi təşəbbüs adlandırıb.
Paşinyanın sözlərinə görə, layihə Cənubi Qafqazda ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında maneəsiz multimodal tranzit əlaqələrinin yaradılmasını nəzərdə tutur.
Baş nazir bildirib ki, TRIPP Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etməklə yanaşı, Ermənistanın xarici bazarlara çıxışını genişləndirəcək, investisiyaları stimullaşdıracaq və regionun iqtisadi inkişafına töhfə verəcək.
Qeyd edək ki, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) Ermənistanın Sünik vilayətindən keçəcək strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində ABŞ-a marşrutun inkişafı üçün 99 ilədək eksklüziv hüquqların verilməsi planlaşdırılır. İlkin mərhələdə yaradılacaq şirkətdə ABŞ-ın payının 74 faiz, Ermənistanın payının isə 26 faiz olması təklif edilir.
Tahir TAĞIYEV