ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri zamanı Çin lideri Si Cinpinlə görüşdən sonra birgə mətbuat konfransının keçirilməməsi və hər iki liderin jurnalistlərin suallarını cavablandırmadan tədbir yerini tərk etməsi diqqət çəkən məqamdır. Adətən belə yüksək səviyyəli görüşlərdən sonra tərəflər əldə olunan razılaşmaları və müzakirə olunan məsələləri ictimaiyyətə təqdim edirlər. Bu dəfə isə ənənəvi mətbuat ünsiyyətinin olmaması müxtəlif suallar doğurur.
Lakin məsələni yalnız protokol qaydalarının pozulması kimi qiymətləndirmək düzgün olmaz. Trampın səfərdən sonra jurnalistlərin suallarını cavablandırmaması, Putinin isə ayrıca Rusiya jurnalistləri qarşısında çıxış etməsi fonunda bu susqunluq daha çox diqqət çəkir. Üçtərəfli görüşdən sonra yayılan məlumatlarda əsasən BMT-nin islahatı, nüvə təhlükəsizliyi və enerji məsələləri qeyd olunsa da, Ukrayna və İran kimi mürəkkəb geosiyasi məsələlər üzrə konkret nəticələr açıqlanmayıb.
Tramp və Si Cinpinin görüşdən birgə mətbuat konfransı keçirmədən, jurnalistlərin suallarını cavablandırmadan ayrılmasını necə izah etmək olar? Bu, tərəflərin açıqlamaq istəmədiyi ciddi fikir ayrılıqlarının mövcudluğuna işarədir, yoxsa diplomatik protokol çərçivəsində əvvəlcədən razılaşdırılmış davranışdır?
ABŞ, Rusiya və Çin liderlərinin Çində keçirilən üçtərəfli görüşü beynəlxalq siyasi dairələrdə müxtəlif gözləntilər və müzakirələr doğursa da, yekun nəticələr tərəflər arasında ciddi fikir ayrılıqlarının qaldığını göstərdi. Xüsusilə Ukrayna müharibəsi və İranla bağlı məsələlərdə ortaq mövqenin ortaya qoyulmaması bu görüşün qlobal problemlərin həlli baxımından imkanlarının məhdud olduğunu üzə çıxardı.
Oqtay Qasımov: "Üç ölkənin eyni mövqedən çıxış etməsi real görünmür"
Politoloq Oqtay Qasımov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Çində keçirilən ABŞ, Rusiya və Çin liderlərinin görüşü, şübhəsiz ki, dünyanın ən çox diqqət yetirdiyi hadisələrdən biri idi. Görüş ərəfəsində onun əhəmiyyəti ilə bağlı müəyyən siyasi manipulyasiyalara da yol verilmişdi. Xüsusilə Rusiya mediası bu toplantını az qala ikinci Yalta konfransı, dünyanın yenidən bölüşdürülməsi üçün keçirilən görüş kimi təqdim etməyə çalışırdı. Halbuki, bu cür qiymətləndirmələr reallığı əks etdirmir və görüşün əhəmiyyətini həddindən artıq şişirdir.
Politoloqun sözlərinə görə, təxminən saat yarım davam edən görüşdə müxtəlif məsələlər müzakirə olunsa da, yekun bəyanatda əsasən ümumi xarakterli müddəalar yer aldı. BMT-də islahatlar, nüvə təhlükəsizliyi, enerji axınlarının sərbəstliyi, logistika və nəqliyyat məsələləri sənəddə əksini tapsa da, beynəlxalq ictimaiyyətin xüsusi diqqət yetirdiyi Ukrayna müharibəsi və ABŞ-İran qarşıdurması ilə bağlı konkret mövqe ortaya qoyulmadı.
Oqtay Qasımov qeyd edib ki, bunun əsas səbəbi həmin məsələlərdə üç dövlətin maraq və mövqelərinin ciddi şəkildə fərqlənməsidir. Ukrayna müharibəsi ilə bağlı Rusiyanın tələbləri, onun fikrincə, imperiya ambisiyaları və işğalçılıq siyasəti üzərində qurulub. Dünyanın aparıcı dövlətlərinin böyük əksəriyyəti isə Ukraynanın ərazi bütövlüyü prinsipini müdafiə edir. Rusiyanın hazırkı əsas tərəfdaşlarından olan Çin də dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, Moskvanın Ukraynaya qarşı siyasətinə təsir göstərəcək ciddi təzyiq mexanizmlərindən istifadə etmir.
Politoloq İran məsələsində də ABŞ, Rusiya və Çin arasında ciddi fikir ayrılıqlarının olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məsələdə Vaşinqtonun yanaşması ilə Moskva və Pekinin mövqeləri arasında ciddi fərqlər mövcuddur. Belə şəraitdə tərəflərin vahid mövqeyə gəlməsi və bunu birgə sənəddə əks etdirməsi çətinləşir.
Ekspert diqqətə çatdırıb ki, Donald Trampın Ukrayna ilə bağlı müddəanın yekun sənəddən çıxarılmasını istəməsi və bu istəyin qəbul olunması da tərəflər arasında həmin məsələdə razılığın olmadığını göstərir. Bu baxımdan, maraqları və geosiyasi prioritetləri bir-birindən fərqlənən üç dövlətin cəmi bir görüş nəticəsində vahid mövqedən çıxış edəcəyini gözləmək real deyil.
Oqtay Qasımov liderlərin görüşdən sonra birgə mətbuat konfransı keçirməməsinə də münasibət bildirib. Onun qənaətinə görə, bu, tərəflər arasında yaranmış fikir ayrılıqlarının nümayişi kimi qiymətləndirilməməlidir. Çünki belə bir mətbuat konfransının keçirilməsi, görünür, əvvəlcədən nəzərdə tutulmayıb. Çin və Rusiya prezidentləri bu tip görüşlərdən sonra ictimaiyyət qarşısında geniş açıqlamalar verməyə o qədər də meylli deyillər. Xüsusilə Çin liderinin bu məsələlərdə daha qapalı mövqeyə üstünlük verdiyi məlumdur. Donald Tramp isə görüşdən sonra jurnalistlərə ayrıca açıqlamalar verib.
Politoloqun fikrincə, üç ölkənin maraqları və xarici siyasət prioritetləri bir-birindən ciddi şəkildə fərqləndiyinə görə onların bütün məsələlərdə eyni mövqedən çıxış etməsi mümkün görünmür. Bəzi ümumi məsələlərdə ortaq yanaşma nümayiş etdirməyə çalışsalar da, bu, hələlik real siyasi razılaşmanın mövcudluğu demək deyil. Görüşün nəticələri də göstərir ki, ABŞ, Rusiya və Çin arasında dialoq imkanları qorunsa da, qlobal problemlərə vahid münasibətin formalaşdırılması qarşısında ciddi maneələr qalmaqdadır.
Dəniz NƏSİRLİ