Faiq Ələkbərli:"Ermənilərin türk xalqlarına qarşı düşmən münasibətinin formalaşmasında da xarici qüvvələrin təsiri danılmazdır"
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına qarşı çıxan müxalifəti tənqid edib. O, Ermənistan cəmiyyətinin uzun illər xarici qüvvələrin təsiri altında qonşu xalqlara qarşı düşmən münasibətə yönəldildiyini bildirib. Paşinyan müxalifətin normallaşma siyasətinə etirazlarına cavab olaraq, "Bu təəssübkeşlikdən nə vaxt qurtulacağıq?" sualını səsləndirib.
"1870-ci illərdən bəri bizi idarə etməyə, şüurumuzu qarışdırmağa çalışan qüvvələr nə deyirdilər? ‘Türk, türk, türk’. Xarici qüvvələr bizi türklərə düşmən etdi. Bütün düşüncə sistemimiz alt-üst oldu", – deyə o bildirib.
Ekspetlərə görə, Nikol Paşinyanın bu açıqlaması Ermənistanın tarixə, xüsusilə də erməni–türk münasibətlərinə yanaşmasında müəyyən dəyişiklik etmək cəhdinin göstəricisidir. Onun "1870-ci illərdən bəri bizi idarə etməyə çalışan qüvvələr" ifadəsi təsadüfi deyil. Burada, böyük ehtimalla, XIX əsrin ikinci yarısında Rusiya imperiyasının Osmanlı imperiyası ilə rəqabəti, erməni məsələsinin beynəlxalq siyasətə daxil olması və bu prosesdə erməni milli hərəkatının müəyyən xarici qüvvələrin təsiri altına düşməsi nəzərdə tutulur.
Paşinyan erməni cəmiyyətinin tarixən formalaşmış türk düşmənçiliyinin arxasında xarici siyasi maraqların dayandığını bəyan edib, lakin dövlətlərin adını konkret olaraq çəkməyib. Analitiklər qeyd edir ki, 1877–1878-ci illərdə Rusiya Osmanlı imperiyasına qarşı müharibəyə başladı. Müharibə Qafqaz və Balkanlarda gedirdi. Rusiya ordusu Şərqi Anadolunun bir sıra ərazilərini, o cümlədən Qars, Ərdahan və Batumu ələ keçirdi. Bu müharibə erməni məsələsinin beynəlxalq siyasətdə daha da aktuallaşmasına şərait yaratdı.
Digər amil Rusiya Osmanlı imperiyasını məğlub etdikdən sonra imzalanan müqavilənin 16-cı maddəsində ermənilərin yaşadığı ərazilərdə islahatlar keçirilməsi və onların təhlükəsizliyinin təmin olunması məsələsi yer aldı. Beləliklə, erməni məsələsi ilk dəfə beynəlxalq müqavilənin konkret maddəsində öz əksini tapdı. Rusiya bu məsələdən Osmanlı imperiyasına siyasi təsir göstərmək üçün istifadə edirdi.
Üçüncü məqam 1878-ci ildə keçirilən Berlin konfransı ilə bağlıdır. Rusiya imperiyasının bölgədə güclənməsindən narahat olan Britaniya və digər Avropa dövlətləri San-Stefano müqaviləsinin şərtlərinin dəyişdirilməsinə nail oldular. Berlin müqaviləsinin 61-ci maddəsi ermənilərin yaşadığı vilayətlərdə islahatlar keçirilməsini nəzərdə tuturdu. Bununla erməni məsələsi təkcə Rusiya və Osmanlı arasında deyil, Avropa dövlətlərinin də müdaxilə etdiyi beynəlxalq siyasi məsələyə çevrildi. Bu hadisələr barədə tarixi mənbələrdə də ətraflı məlumat var. San-Stefano müqaviləsinin 16-cı maddəsi və Berlin müqaviləsinin 61-ci maddəsi erməni məsələsinin beynəlxalq diplomatiyaya daxil edilməsinin əsas mərhələlərindən hesab olunur.
Ekspertlər qeyd edirlər ki, sonrakı dövrlərdə bu siyasi xətt daha da radikallaşdı və XIX əsrin sonlarında erməni siyasi təşkilatları, inqilabi hərəkatlar formalaşdı.
Tarixçilər vurğulayır ki, burada bir mühüm məqam var: erməni milli hərəkatının meydana gəlməsini yalnız xarici qüvvələrin fəaliyyəti ilə izah etmək tarixi baxımdan düzgün olmaz. Osmanlı imperiyasının daxilindəki sosial, siyasi, dini və milli problemlər, ermənilərin təhlükəsizlik və hüquq məsələləri də bu prosesin mühüm səbəbləri idi. Xarici dövlətlər isə həmin problemlərdən öz maraqları üçün istifadə edirdilər.
Ekspertlər hesab edirlər ki, Paşinyan bu amilləri də nəzərdə tuta bilər. Çünki qeyd edilən hər üç hadisədə ermənilərə "gün ağlanması" məsələsi var.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə səsləndirdiyi son açıqlamalar diqqətçəkicidir və onun fikirlərinə birmənalı yanaşmaq doğru olmazdı. "Bununla belə, Paşinyan təxminən iki əsr ərzində erməni cəmiyyətinin şüurunda formalaşdırılmış bəzi tarixi mifləri və stereotipləri sorğulayır. Tarixə nəzər saldıqda görürük ki, İngiltərə, Rusiya, Fransa və digər böyük dövlətlər öz geosiyasi maraqları naminə region xalqları arasında etnik və dini qarşıdurmalardan istifadə ediblər. Osmanlı və Qacarlar dövlətlərinin zəiflədilməsi, parçalanması, regionda yeni siyasi düzənin yaradılması bu siyasətin əsas istiqamətlərindən biri olub. Ermənilərin türk xalqlarına qarşı düşmən münasibətinin formalaşmasında da xarici qüvvələrin təsiri danılmazdır. Lakin burada əsas sual Paşinyanın bu həqiqətləri nə dərəcədə səmimi etiraf etməsidir. Ermənistanın hazırkı geosiyasi vəziyyəti, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının zəruriliyi onu yeni siyasi istiqamət axtarmağa vadar edir. Görünən odur ki, Paşinyan Ermənistanın gələcəyini qonşularla münasibətlərin bərpasında görür və əvvəlki qarşıdurma siyasətinin ölkəyə ciddi perspektiv vəd etmədiyini anlayır".
F. Ələkbərli bununla belə hesab edir ki, ancaq bütün məsuliyyəti xarici qüvvələrin üzərinə atmaq da doğru deyil. "Erməni siyasi elitasının, millətçi ideologiyasının və müxtəlif siyasi təşkilatların,erməni kilsəsinin bu proseslərdə öz məsuliyyəti olub. Xarici təsirlər tarixi hadisələri izah edə bilər, lakin daxili siyasi qüvvələrin məsuliyyətini aradan qaldırmır. Paşinyanın açıqlamalarına bu baxımdan ehtiyatla yanaşmaq lazımdır. Onun fikirləri müəyyən tarixi həqiqətləri üzə çıxarsa da, Ermənistanın hazırkı çıxılmaz vəziyyətdən qurtulmaq cəhdi və siyasi manevri də ola bilər. Biz tarix boyu çətin vəziyyətə düşən siyasi qüvvələrin mövqelərini dəyişdiyini, məsuliyyəti başqalarının üzərinə atdığını görmüşük. Əsas nəticə budur ki, türk dövlətləri bu proseslərdən ciddi dərslər çıxarmalı, birliyini və siyasi gücünü daha da artırmalıdır. Paşinyanın açıqlamaları yalnız xarici qüvvələrin regiondakı oyunlarını ifşa etmək baxımından deyil, həm də erməni cəmiyyətinin öz tarixini obyektiv qiymətləndirməsi üçün əhəmiyyətlidir. Ancaq bu etiraflar real siyasi dəyişikliklərlə, qonşulara münasibətdə səmimi siyasətlə müşayiət olunmadıqca, onlara tam etibar etmək mümkün deyil"-deyə F.Ələkbərli qeyd etdi.
İradə SARIYEVA