Turan Rzayev:"Netanyahu ilə Donald Tramp arasında İran və Fələstin məsələlərinə dair ciddi fikir ayrılıqları mövcuddur"
Ben Kaspit Netanyahunun şərtlərini milli birlik hökumətinin formalaşdırılması ilə bağlı danışıqları pozmaq cəhdi adlandırıb. Likud Partiyası ilə Qadi Eisenkotun "Yaşar" hərəkatı arasında danışıqlar Benyamin Netanyahunun nümayəndələrinin potensial tərəfdaşlara təqdim etdiyi on tələbdən ibarət siyahı ilə başlayıb.
Siyasi şərhçi Ben Kaspitin sözlərinə görə, bu şərtlərin əhəmiyyətli bir hissəsi kompromis üçün əsas deyil, rəqibləri çətin vəziyyətə salmaq cəhdidir. Bu barədə siyasi şərhçi Ben Kaspitin 22 noyabrda Maariv qəzetində dərc olunmuş məqaləsində məlumat verilib. Siyahıya on bənd daxil idi. Bunların arasında Netanyahunun Knessetin bütün dörd illik müddəti ərzində baş nazir vəzifəsində qalması, Haredimlərin razılığı ilə Vismut planı çərçivəsində hərbi çağırış qanununun qəbul edilməsi və məhkəmə islahatı qanunvericiliyinin konsensus əldə edilənə qədər saxlanılması tələbləri var idi.
Bundan əlavə, Likud Kellner planı ilə bağlı istintaq komitəsinin yaradılmasını, Otzma Yehudit və Demokratlar da daxil olmaqla bütün yəhudi partiyalarının hökumətdə iştirakını və Fələstin dövlətinin yaradılmasına qarşı bəyanat verilməsini tələb edib.
Göründüyü kimi, Netanyahu özündən sonra gələcək hökumətin formalaşdırılması prosesinə müdaxilə etmək, hətta müəyyən şərtlər irəli sürməklə yeni baş nazirin siyasətini əvvəlcədən müəyyənləşdirmək istəyir. Onun qoyduğu şərtlərdən biri Fələstin dövlətinin tanınmaması, digəri İranla müharibənin davam etdirilməsi, eyni zamanda Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatların sürdürülməsidir. Maraqlıdır ki, Trampa yaxın şəxslərin də iştirakı ilə ABŞ-ın Yaxın Şərq siyasətində ciddi dəyişikliklər baş verdiyi, bölgədəki müharibələrin dayandırılması və sülh prosesinin irəlilədilməsi istiqamətində müəyyən təşəbbüslərin ortaya qoyulduğu bir vaxtda Netanyahu faktiki olaraq bu siyasətə qarşı mövqe sərgiləyir. O, yeni hökumətə elə şərtlər qoyur ki, bu şərtlərin qəbul edilməsi ABŞ-ın bölgədə həyata keçirmək istədiyi planlarla ziddiyyət təşkil edə bilər. Burada əsas məsələ Tramp administrasiyasının Qəzza ilə bağlı irəli sürdüyü 20 maddəlik sülh planıdır. Həmin planın 17-ci maddəsində Qəzzada sülh prosesinin Fələstin dövlətinin yaradılmasına doğru ən səmərəli yol kimi qiymətləndirildiyi vurğulanır. Yəni Trampın təqdim etdiyi planın özündə Fələstin dövlətinin yaradılması perspektivi nəzərdə tutulur. Belə olan halda sual yaranır: Netanyahu necə olur ki, bir tərəfdən ABŞ-ın 20 maddəlik sülh planını qəbul edir, digər tərəfdən isə özündən sonra gələcək hökumətə Fələstin dövlətinin tanınmasına imkan verməmək şərtini qoyur? Eyni zamanda, İranla müharibənin və Qəzzada hərbi əməliyyatların davam etdirilməsini tələb edir?
Ekspertlər hesab edirlər ki, bu, əslində, Tramp administrasiyasının Yaxın Şərqdə sülh təşəbbüsləri ilə Netanyahu hökumətinin siyasi və hərbi məqsədləri arasında ciddi ziddiyyətlərin olduğunu göstərir. Əgər ABŞ bölgədə müharibələrin dayandırılmasını, yeni siyasi reallığın formalaşmasını və Fələstin məsələsinin həllinə doğru irəliləyiş əldə edilməsini istəyirsə, Netanyahu bu prosesə hansı məntiqlə və hansı şərtlərlə mane ola bilər? Tramp administrasiyası belə bir siyasətə nə qədər dözümlü yanaşacaq?
Analitiklər hesab edirlər ki, bu məsələyə geosiyasi baxımdan yanaşdıqda, Netanyahu ilə Tramp administrasiyası arasında mümkün ziddiyyətin əsasını Yaxın Şərqdə müharibələrin dayandırılması və yeni siyasi nizamın qurulması ilə İsrailin təhlükəsizlik, regional üstünlük və Netanyahu hökumətinin daxili siyasi maraqları arasındakı fərq təşkil edə bilər. ABŞ bölgədə uzunmüddətli müharibələrin bitməsini, İranla qarşıdurmanın nəzarət altına alınmasını, ərəb dövlətləri ilə İsrail arasında normallaşmanın genişlənməsini və Fələstin məsələsinin müəyyən siyasi çərçivəyə salınmasını istəyirsə, Netanyahu bu prosesə müxtəlif istiqamətlərdən mane ola bilər. Lakin onun bunu nə dərəcədə edə biləcəyi artıq yalnız İsrailin siyasi iradəsindən deyil, Vaşinqtonun təzyiq mexanizmlərindən də asılı olacaq.
Ekspertlərin fikrincə, Netanyahu Trampın regional siyasətinə mane olmaq üçün təhlükəsizlik arqumentlərindən, daxili siyasi koalisiyanın təzyiqlərindən və hərbi üstünlük strategiyasından istifadə edə bilər. Lakin Tramp administrasiyası özünün Yaxın Şərqdə sülh, normallaşma və yeni siyasi nizam yaratmaq iddiasını Netanyahuya görə uğursuzluğa düçar etmək istəməz. Bu səbəbdən, Trampın Netanyahunun hər addımına dözümlü yanaşacağını düşünmək doğru olmaz. Müəyyən mərhələdə Vaşinqton İsrailə də açıq şəkildə göstərə bilər ki, ABŞ-ın strateji maraqları ilə Netanyahu hökumətinin daxili siyasi maraqları eyni deyil. Əgər bu ziddiyyət dərinləşərsə, Netanyahu ilə Tramp arasında indiyədək görünən siyasi yaxınlıq ciddi sınaqdan keçə bilər.
Politoloq Turan Rzayev baki-xeber.com-a bildirdi ki, Netanyahu ultramillətçi və radikal siyasətçidir. "Onun uzun illər davam edən siyasi fəaliyyətinin digər siyasi qüvvələr tərəfindən tamamilə iflasa uğradılacağını gözləmək doğru olmaz. Hətta müxalifətdə olsa belə, böyük ehtimalla, proseslərə təsir göstərməyə və öz siyasi kursunu davam etdirməyə çalışacaq. Amma məsələ yalnız Netanyahu ilə bağlı deyil. İsraildə bir çox siyasətçinin Fələstin dövlətinin yaradılmasını qəbul etməməsi, demək olar ki, ümumi siyasi mövqedir. Qəzzanın işğalı, orada insan hüquqlarının pozulması və törədilən cinayətlər isə ayrıca məsələlərdir və beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Netanyahu sonrası İsrail hakimiyyətində müəyyən dəyişikliklər mümkündür. İranla münasibətlərdə bəzi korrektələr, Türkiyə ilə münasibətlərin normallaşdırılması, eləcə də ərəb ölkələri ilə əlaqələrin inkişafı istiqamətində addımlar atıla bilər. Lakin İsrailin ekspansionist siyasətində və İranı zəiflətməyə yönəlmiş strategiyasında köklü dəyişiklik olacağını düşünmürəm. Yəni Netanyahu sonrası hakimiyyətin siyasəti müəyyən mənada daha yumşaq görünə bilər, xüsusilə xarici siyasətdə taktiki dəyişikliklər mümkündür. Amma əsas strateji istiqamətlərin, o cümlədən Fələstin məsələsinə yanaşmanın ciddi şəkildə dəyişəcəyini gözləmək real deyil. Məncə, Netanyahu da bunu anlayır. Buna görə də onun siyasi fəaliyyəti yalnız hakimiyyətdə qalmaq uğrunda mübarizə deyil, həm də öz siyasi kursunun gələcək hakimiyyət tərəfindən davam etdirilməsinə hesablanıb"-deyə T. Rzayev qeyd etdi.
T. Rzayev bildirdi ki, Netenyahu ilə Tramp arasında bu mövzuda həmişə ciddi fikir ayrılıqları olub. "Netanyahu ilə Donald Tramp arasında İran və Fələstin məsələlərinə dair ciddi fikir ayrılıqları mövcuddur. Bu fərqlər yeni deyil, əvvəldən formalaşıb və tərəflərin regionun gələcəyinə dair fərqli siyasi yanaşmalarından qaynaqlanır. İran məsələsində Tramp Netanyahu ilə müqayisədə daha praqmatik və kompromisə açıq mövqe nümayiş etdirir. Təbii ki, Tramp da İranın nüvə proqramı və regional fəaliyyəti ilə bağlı sərt siyasət yürüdür. Lakin Netanyahu İranın zəiflədilməsini, hətta parçalanmasını və hakimiyyət dəyişikliyini əsas məqsəd kimi görür. Trampın yanaşması isə daha çox İran hakimiyyətinin ABŞ-nin şərtləri ilə uzlaşması, razılaşmaya gəlməsi və müəyyən mənada siyasi davranışını dəyişməsi üzərində qurulur. Onun üçün əsas məsələ mütləq hakimiyyət dəyişikliyi deyil, ABŞ-nin maraqlarına uyğun nəticənin əldə olunmasıdır. Hətta İranın mövcud hakimiyyəti ilə dialoqa getmək ehtimalını da tamamilə istisna etmir"-deyə politoloq vurğuladı.
İradə SARIYEVA