Azər Həsrət: “Zaxarova hansı üzlə deyir ki, Rusiya vasitəçiliyini təklif etməyə hazırdır?”
Tərəflərin müraciəti olacağı təqdirdə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Moskva İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesinin davam etdirilməsini alqışlayır və iki ölkə arasında dayanıqlı sülhü Cənubi Qafqazda sabitlik və rifahın əsas amillərindən biri hesab edir”, – Zaxarova bildirib.
Azərbaycan Vətən müharibəsindən sonra birmənalı olaraq vasitəçilər olmadan Ermənistanla birbaşa danışıqlara önəm verib və ortada ciddi nəticə var. Maraqlıdır, Rusiyanın timsalında vasitəçiyə ehtiyac yarana bilərmi? Bir halda ki Rusiyasız çox yol keçilib.
Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a açıqlamasında bildirdi ki, Rusiya yenə də “yuyulmamış çömçə” kimi özünü ortalığa soxmaq istəyir: “Azərbaycan və Ermənistan dəfələrlə bəyan edib və əməldə də göstərib ki, artıq hər hansı vasitəçiyə ehtiyac yoxdur. Vasitəçiyə ehtiyacımız olan vaxtı elə Rusiya da vasitəçi idi. Ortada bir nəticə oldumu? Olmadı. On illər boyunca Rusiya da ATƏT-in Minsk qrupu qismində guya bu münaqişəni tənzimləmək qismində məşğul idi, amma birmənalı şəkildə işğalçıya dəstək verirdi. Bundan başqa, problemin həllini açıq şəkildə əngəlləyirdi. İndi Mariya Zaxarova hansı üzlə deyir ki, Rusiya vasitəçiliyini təklif etməyə hazırdır? Onlardan bunu xahiş edənmi var? İstəyənmi oldu Rusiya gəlib vasitəçilik eşin? Bu, bir. İkincisi də Azərbaycan özü Ermənistanla birbaşa danışıb anlaşa bilirsə, biz niyə vasitəçi axtarmalıyıq ki? Nə Ermənistan, nə Azərbaycan bir biri ilə münasibətdən imtina etməyib. Yəni hər iki tərəf bir biri ilə açıq şəkildə danışıqlar aparmağa, görüşməyə, səfərlər etməyə hazırdır və bunu əməldə də göstərirlər. Deməyim odur ki, bu məsələdə bizim üçüncü tərəfə ehtiyacımız yoxdur. Ermənistana hətta Azərbaycanın yüksək vəzifəli şəxsləri gedib. İndi Ermənistan rəsmisinin Bakıya gəlməsi gözlənilir. Bütün bunlar da vasitəçilər olmadan baş verir. Digər tərəfdən, “Sülh körpüsü” vətəndaş cəmiyyəti təmsilçilərinin qarşılıqlı səfərləri həyata keçirilir. Yenə də heç bir vasitəçi olmadan. Yəni Zaxarova əslinə qalanda belə bir fikir işlətməklə nə qədər qeyri-ciddi olduqlarını bir daha təsdiqləmiş oldu. Yəqin ki, bu sualı bizimlə bərabər onlara başqaları da verir. Bir sözlə, artıq vəziyyət o həddə çatıb ki, artıq heç bir vasitəçiyə ehtiyac yoxdur”.
Vidadi ORDAHALLI