23 noyabr 2026-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin mədəniyyət attaşesi, Səfirliyin nəzdində fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, professor-doktor Tarek M. Aboul-Fotouh «Sərdar Sandıq Mücrü Ocağı»nı ziyarət edib.
Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilən görüşdən sonra baş tutan bu ziyarət «Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım» İctimai Birliyinin sədri Lalə Sərdarlı, Birliyin təmsilçiləri və sənətkarlar tərəfindən böyük məmnunluqla qarşılanıb.
Ziyarət zamanı professor Tarek M. Aboul-Fotouh Azərbaycan milli tətbiqi sənətinin özünəməxsus nümunələri olan sandıq və mücrülərlə, onların tarixi, bədii xüsusiyyətləri, hazırlanma ənənələri, eləcə də Sərdarlı ailəsinin bu istiqamətdə həyata keçirdiyi yaradıcılıq və tədqiqat fəaliyyəti ilə yaxından tanış olub.
Qonaq nümayiş etdirilən sənət nümunələrində yalnız Azərbaycan sənət ənənələrinin deyil, həm də müxtəlif xalqların mədəniyyətlərini yaxınlaşdıran ortaq dəyərlərin, bədii ifadə vasitələrinin və estetik yanaşmaların təzahürlərini gördüyünü bildirib. O, burada müşahidə etdiyi mənəvi və yaradıcı mühitin onda xüsusi təəssürat yaratdığını, özünü qətiyyən yad bir məkanda hiss etmədiyini vurğulayıb. Əksinə, təqdim olunan nümunələrin bədii həllində ona doğma gələn, ortaq mədəni yaddaşla səsləşən çoxsaylı elementlərlə qarşılaşdığını qeyd edib.
Professor Tarek M. Aboul-Fotouh Azərbaycan tətbiqi sənətinə, xüsusilə mücrü sənətinin yaşadılması və müasir yaradıcılıq müstəvisində inkişaf etdirilməsi istiqamətində görülən işlərə yüksək diqqət və rəğbət nümayiş etdirib. O, Sərdarlı ailəsinin yaradıcılıq yanaşmasına, sənət nümunələrinin arxasında dayanan araşdırma, ənənə və müasirlik vəhdətinə xüsusi dəyər verdiyini ifadə edib.
Ziyarətin sonunda professor Tarek M. Aboul-Fotouh «Sərdar Sandıq Mücrü Ocağı»nın xatirə kitabına ürək sözlərini yazaraq, bu mədəniyyət məkanı və burada tanış olduğu sənət nümunələri ilə bağlı xoş təəssüratlarını bölüşüb.
Görüş zamanı gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub. Professor Tarek M. Aboul-Fotouh «Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım» İctimai Birliyi ilə Azərbaycan–Misir mədəni əlaqələrinin daha da dərinləşdirilməsi, hər iki ölkənin zəngin mədəni irsinin qarşılıqlı tanıdılması və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində yaxın zamanda konkret addımların atılmasının vacibliyini vurğulayıb. Bu istiqamətdə başlanacaq işlərin qısa müddətdə real nəticələr verəcəyinə inamını ifadə edib.
İctimai Birliyin sədri Lalə Sərdarlı da öz növbəsində professor Tarek M. Aboul-Fotouhun ziyarətindən və nümayiş etdirilən sənət nümunələrinə göstərdiyi yüksək diqqət və rəğbətdən məmnunluğunu bildirib. O, qonağa Sərdarlı ailəsinin yaradıcılığına, eləcə də İctimai Birliyin mədəni irsin qorunması, araşdırılması və beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətə verdiyi yüksək dəyərə görə təşəkkürünü ifadə edib.
Lalə Sərdarlı sənətin xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın, mənəvi yaxınlaşmanın və dialoqun inkişafına xidmət edən ən təsirli vasitələrdən biri olduğunu vurğulayıb. Onun fikrincə, müxtəlif xalqların mədəni irsindəki ortaq dəyərlərin sənət vasitəsilə üzə çıxarılması yalnız keçmişin tanıdılmasına deyil, həm də gələcək nəsillər üçün yeni yaradıcılıq imkanlarının formalaşmasına xidmət edir.
İctimai Birliyin sədri əminliyini ifadə edib ki, Azərbaycan və Misirin zəngin mədəni irsinə, tarixi-mənəvi yaxınlığına və sənət ənənələrinə söykənən birgə layihələr, yaradıcılıq təşəbbüsləri və tədqiqatlar ümumdünya mədəni irsinə, xalqlar arasında qarşılıqlı anlaşmaya və bəşəri dəyərlərin inkişafına əhəmiyyətli töhfələr verə bilər. Bu potensialın reallaşdırılması qarşılıqlı maraq və etimad əsasında əməkdaşlığın genişləndirilməsini zəruri edir. Bu ziyarət bir daha göstərdi ki, sənət yalnız milli ənənələrin qorunması vasitəsi deyil, həm də müxtəlif mədəniyyətlər arasında ortaq mənəvi məkan yaradan, insanları birləşdirən və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açan universal ünsiyyət dilidir.
Azərbaycan və Misir arasında mədəni əlaqələrin inkişafına, ortaq irs dəyərlərinin tanıdılmasına və yeni yaradıcılıq təşəbbüslərinin həyata keçirilməsinə xidmət edəcək bu görüşün gələcək əməkdaşlıq üçün səmərəli başlanğıc olacağına ümid edilir.
«Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım» İctimai Birliyinin İnformasiya Mərkəzi