Müstəqil Azərbaycanın təşəkkülü və inkişafı tarixində xüsusi əhəmiyyətə malik olan Azərbaycançılıq ideyası sadəcə milli dəyərlər, tarixi anlayışlar və mədəni əlamətlər sistemini deyil, müasir dövlətçiliyin, milli kimliyinin və ölkənin sosial-siyasi birliyinin formalaşdığı vahid ideoloji təməli ehtiva edir.
Şərqlə Qərbin kəsişməsində yerləşən, zəngin tarixi irsə və çoxmillətli sosial cəmiyyətə malik olan Azərbaycan üçün Azərbaycançılıq milli kimliyin qorunmasında, dövlət suverenliyinin möhkəmləndirilməsində və sosial konsolidasiyanın təminatında həlledici amilə çevrilib.
Bu kontekstdə, digər xalqlara və mədəniyyətlərə qarşı çıxmayan Azərbaycançılıq ideologiyası milli kimlik, vətəndaş birliyi, tarixi varislik, vətənpərvərlik, müstəqilliyə sadiqlik və ümumbəşəri dəyərlərə hörmətin birləşməsinin bariz nümunəsidir.
Bu mənada, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılığın ümummilli ideologiya kimi formalaşmasında və bərqərar olmasında xüsusi tarixi rol oynayıb. Böyük siyasətin pastriarxı bu konsepsiyanı təkcə ideoloji deyil, həm də praktik dövlət məzmunu ilə zənginləşdirərək, onu ölkənin müxtəlif sosial, etno-konfessional qrupları üçün birləşdirici istinad nöqtəsinə çevirdi.
Hələ Azərbaycan SSR-ə rəhbərliyi dövründə milli mədəniyyətin, ədəbiyyatın, incəsənətin, elmin inkişafını və milli kadrların hazırlanmasını ardıcıl olaraq dəstəkləyən Heydər Əliyev milli özünüdərk hissinin güclənməsinə, tarixi və mədəni varisliyin qorunmasına xüsusi töhfə verib.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra isə milli ideologiyanın inkişafı məsələsi daha da aktuallşadı. Ciddi daxili və xarici çətinliklərlə, siyasi qeyri-sabitlik, iqtisadi böhran, hərbi təcavüz, ərazi işğalı, əhalinin kütləvi köçürülməsi və ərazi bütövlüyünə təhdidlərlə üzləşən Azrəbaycanda cəmiyyəti birləşdirə, daxili ziddiyyətləri aradan qaldıra və milli maraqların ortaq anlaşılmasını təmin edə biləcək ideoloji platformaya obyektiv ehtiyac yarandı.
Belə mürəkkəb şəraitdə Heydər Əliyevin Azərbaycançılıq ideologiyasını milli birlik və müstəqil dövlətçilik anlayışına çevirməsi sayəsində dövlətçilik anlayışının daha geniş modeli rəsmiləşdirildi.
2001-ci ilin noyabr ayında məhz Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının Birinci Qurultayı isə, ölkə vətəndaşlarını xaricdəki böyük diasporla əlaqələndirərək milli birlik ideyasının institusional və ictimai təsdiqində mühüm hadisə kimi tarixə düşdü. Beləliklə, azərbaycançılıq ölkənin tarixi keçmişini, müasir dövlətçiliyini və strateji inkişaf perspektivlərini birləşdirən ideoloji təmələ çevrildi.
Millətçiliyin ənənəvi anlayışından xeyli geniş olan Azərbaycançılıq ideologiyasının məqsədi Azərbaycana mənsubluğun əsasən ortaq dövlətçilik, tarixi tale, milli dəyərlərə hörmət və gələcəyi üçün müəyyənləşdirilən vahid vətəndaşlıq və milli məkan yaratmaqdır.
Bu baxımdan, Azərbaycaçılıq ideologiyasının bir neçə fundamental komponentini vurğulamaq zəruridir.
Dövlətçilik və müstəqillik prinsipi. Müstəqil Azərbaycan milli inkişafın əsas siyasi və tarixi nəticəsi olduğuna görə, dövlət suverenliyinin, ərazi bütövlüyünün, milli maraqların qorunması və müstəqil qərar qəbul etmək Azərbaycançılığın əsas elementidir. Azərbaycan xalqı üçün müstəqillik təkcə siyasi deyil, həm də dərin tarixi əhəmiyyətə malikdir. Bu, öz inkişaf yolunu müstəqil şəkildə müəyyənləşdirmək, milli kimliyini qorumaq və beynəlxalq birliklə bərabərlik əsasında münasibətlər qurmaq imkanı deməkdir. Bu mənada Azərbaycançılıq milli maraqların qeyd-şərtsiz prioritetini və hər hansı bir xarici diktə formasının rədd edilməsini nəzərdə tutur.
Milli birlik və vətəndaş həmrəyliyi. Polietno-konfessional dövlət olan Azərbaycanda azərbaycanlılarla yanaşı yaşayan müxtəlif etnik-dini icmaların nümayəndələri nəsillər boyu vahid sosial-tarixi məkanın bir hissəsi olublar. Bu baxımdan, Azərbaycançılığın birləşdirici qüvvəsi etnik, mədəni və ya dini kimlikləri qoruyub-saxlamaqla ortaq vətəndaş kimliyini inkişaf etdirməsindədir.
Milli dil, mədəniyyət və tarixi yaddaş. Azərbaycan dili milli kimliyin ən vacib simvolu və mədəni davamlılığın qorunmasının əsas vasitələrindən biridir. Dilin, ədəbiyyatın, milli incəsənətin, elmin və təhsilin inkişafı birbaşa dövlətçiliyin möhkəmləndirilməsi ilə bağlıdır. Tarixi yaddaşın qorunması, tarixi bilmək, əvvəlki nəsillərə hörmət, dövlətçilik ənənələrini və mədəni irsi anlamaq milli birliyin mənəvi təməlini təşkil edir. Eyni zamanda, milli tarix yalnız keçmiş hadisələrin toplusu kimi deyil, həm də sosial məsuliyyət mənbəyi və gələcək nəsillər üçün bir bələdçi kimi qəbul olunur.
Dünyəvilik, tolerantlıq və multikulturalizm. Azərbaycançılıq dini müxtəlifliyə hörməti, hər bir insanın öz inanclarını və ənənələrini qorumaq hüququnun tanınmasını nəzərdə tutur. Dövlətin dünyəvi təbiəti vətəndaşların dini mənsubiyyətindən asılı olmayaraq bərabərliyini təmin edir və dinin siyasi qarşıdurma alətinə çevrilməsinin qarşısını alır. Azərbaycan modelinin mühüm xüsusiyyəti onun milli ənənələrə sadiqliyin digər mədəniyyətlərə və sivilizasiyalara açıq olamsı ilə sintezidir. Bu, tarixən Şərq və Qərb arasında qarşılıqlı əlaqə məkanı kimi xidmət edən bir ölkə üçün xüsusilə vacibdir.
Vətənpərvərlik və dövlətin gələcəyi üçün məsuliyyət. Yalnız vətənə emosional bağlılıqla məhdudlaşmayan Azərbaycançılıq ideologiyası fəal vətəndaş mövqeyini, dövlət qurumlarına hörməti, qanunlara riayəti, ictimai həyatda iştirakı və ölkənin inkişafı üçün çalışmağa hazır olmağı özündə ehtiva edir.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycançılıq ideologiyası daha da inkişaf etdirilərək, yeni siyasi və dövlət məzmunu ilə zənginləşdirilib. Əgər Heydər Əliyevin hakimiyyəti dövründə əsas məqsəd dövlət sabitliyini bərpa etmək, müstəqilliyi gücləndirmək və cəmiyyəti birləşdirmək idisə, bu gün Azərbaycan fərqli miqyaslı çağırışlarla üzləşir: güclü regional dövlət statusunu möhkəmləndirmək, beynəlxalq mövqeyini genişləndirmək, uzunmüddətli iqtisadi inkişafı təmin etmək və yeni strateji imkanlar yaratmaq.
Bu şəraitdə azərbaycançılıq təkcə milli kimliyin qorunması üçün bir vasitə deyil, həm də dövlət siyasətinin vacib bir istiqamətləndirici prinsipinə çevrilir.
Ölkənin hazırkı inkişafının ən əhəmiyyətli nəticələrindən biri dövlət suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpasıdır. Bütün ərazilərimiz üzərində nəzarətin bərpası təkcə hərbi-siyasi nailiyyət deyil, həm də milli birləşmənin mühüm amilidir. Bunun nəticəsində tarixi ədalət hissi güclənməklə yanaşı, dövlətin imkanlarına ictimai inamı ardtı və milli inkişaf üçün yeni istiqamətlər müəyyənləşdirildi.
Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi dövlət birliyi, tarixi varislik və gələcək nəsillər qarşısında məsuliyyət ideyasının praktik ifadəsinə çevrilir.
Müasir Azərbaycanda təkcə ortaq tarixi təcrübələrlə deyil, həm də gələcəyin ortaq anlayışı ilə birləşən cəmiyyətin formalaşması milli birliyin gücləndirilməsi üçün çox vacib şərtlərdən biridir. Buna nail olmaq üçün hər bir vətəndaşın ölkənin inkişafında iştirakı və onun nailiyyətlərinə görə məsuliyyət hiss etməsi zəruri şərait yaradılıb.
Bu mənada, Azərbaycançılıq gənc nəsil üçün xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, milli ideologiya 21-ci əsrin reallıqlarını əks etdirməli, müasir nəslin vətənpərvərliyi təhsil, peşəkarlıq, innovativ düşüncə, texnoloji səriştə və qloballaşan dünyada rəqabət aparmaq istəyi ilə birləşdirilməlidir. Çünki güclü dövlət yalnız tarixi yaddaş üzərində qurula bilməz. Bunun üçün inkişaf etmiş iqtisadiyyat, yüksək keyfiyyətli təhsil, müasir elm, effektiv institutlar və aktiv vətəndaş cəmiyyəti olmalıdır.
Buna görə də, Azərbaycançılığın müasir anlayışı yalnız milli-mədəni dəyərləri deyil, həm də modernləşməyə, intellektual inkişafa və ölkənin rəqabət qabiliyyətinin artırılmasına diqqət yetirməyi əhatə etməlidir.
Ölkəmizin geosiyasi mövqeyi, müxtəlif dövlətlər və sivilizasiyalarla tarixi əlaqələri, enerji potensialı və artan beynəlxalq təsiri müstəqil və balanslaşdırılmış xarici siyasət tələb edir ki, bu da Azərbaycançılıq ideologiyasının xarici siyasət müstəvisində xüsusi amilə çevirir.
Qardaş Türkiyə ilə sıx münasibətlər qurmuş Azərbaycan, eyni zamanda, Orta Asiya dövlətləri ilə strateji əməkdaşlığı inkişaf etdirir, Avropa ölkələri ilə tərəfdaşlıq münasibətləri saxlayır, Rusiya, İran və regiondakı digər dövlətlərlə qarşılıqlı münasibətlər formalaşdırır, beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirir. Bütün bu təmaslarda milli maraqların və dövlət suverenliyinin qorunması əsas prinsip olaraq qalır.
Azərbaycançılıq ideologiyası beynəlxalq əməkdaşlığa açıqlığı nəzərdə tutsa da, milli siyasətin xarici ideoloji və ya geosiyasi mərkəzlərdən asılılığını rədd edir. Azərbaycanın digər xalqlarla sıx tarixi, mədəni və dil əlaqələri ola bilər, lakin onun milli maraqları öz milli prioritetləri ilə müəyyənləşdirilir.
Nəticədə, Azərbaycan sadəcə Şərqlə Qərb arasında coğrafi körpü yox, həm də öz təşəbbüslərini irəli sürməyə və öz maraqlarını müdafiə etməyə qadir olan beynəlxalq proseslərin müstəqil iştirakçısı kimi nüfuzunu artırır.
Bu kontekstdə Azərbaycançılıq əlavə əhəmiyyət kəsb edir: o, xarici siyasət müstəqilliyi üçün ideoloji təməl yaradır və ölkənin milli kimliyindən imtina etmədən beynəlxalq əlaqələrin inkişafına imkan verir.
Sahil İsgəndərov,
politoloq