ABŞ Suriyaya məhdud sayda hərbçi göndərməyi nəzərdən keçirir. Vaşinqton Suriya hərbçilərinə minaların zərərsizləşdirilməsi üzrə təlim keçilməsi planını müzakirə edir.
“Reuters” agentliyinin beş mənbəyə istinadən yaydığı məlumata görə, bu, 2024-cü ildə keçmiş üsyançıların Dəməşqdə hakimiyyəti ələ keçirməsindən sonra ABŞ-ın Suriya hərbçiləri ilə ilk təlim missiyası ola bilər.
Mənbələr bildirirlər ki, çoxmillətli təlim missiyası ilə bağlı təklif ABŞ-da hüquqi maneələrlə, eləcə də Suriya ordusunun bəzi nümayəndələrinin şübhələri ilə üzləşir. Plan təsdiqlənərsə, ABŞ gələn il Suriyaya kiçik hərbi kontingent qaytara bilər.
Təlim proqramında Böyük Britaniya, Fransa, Almaniya, Avstraliya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, ABŞ-ın təxminən 15 müttəfiqinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ bundan əvvəl “İslam Dövləti” terror təşkilatına qarşı mübarizə məqsədilə Suriyada təxminən on il fəaliyyət göstərən hərbi kontingentini çıxarmışdı.
Tahir TAĞIYEV