Rusiya xüsusi xidmət orqanları Avropa İttifaqı ölkələrində casusluq və təxribat fəaliyyəti üçün insanları cəlb etmək məqsədilə oyunçular arasında populyar olan Discord platformasından istifadə edir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, 2026-cı ilin əvvəlindən Discord platformasında müxtəlif ödənişli tapşırıqları gizlədən 20 milyondan çox iş elanı yerləşdirilib. Moskvanın əsas hədəfi Mərkəzi və Şərqi Avropa, xüsusilə Baltikyanı ölkələrdir.
Elanlar asan tapşırıqlar və qısa müddətdə pul qazanmaq imkanı kimi təqdim olunur. Onların əksəriyyəti Hindistan, İran və Yaxın Şərqin bəzi ölkələrinin telefon nömrələri ilə qeydiyyatdan keçirilmiş birdəfəlik hesablardan paylaşılır.
Kəşfiyyatın məlumatına görə, cəlbedicilər əsasən maddi çətinlik yaşayan yerli sakinləri, qaçqınları və miqrantları hədəfə alırlar. Xüsusilə 18-25 yaşlı gənclərə, eləcə də radikal, populist, pasifist və etnik hərəkatların tərəfdarlarına diqqət yetirilir.
Tapşırıqları yerinə yetirənlərə 1 500-3 000 dollar arasında ödəniş təklif olunur. Pul köçürmələri tapşırığın nəticələri təsdiqləndikdən sonra kriptovalyuta və ya vasitəçilərin bank hesabları üzərindən həyata keçirilir.
Ukrayna kəşfiyyatı əlavə edib ki, Rusiya xüsusi xidmətləri Avropa İttifaqı ölkələrində NATO-nun hərbi texnikası və bazaları, enerji infrastrukturu, mobil rabitə qüllələri, müdafiə sənayesi müəssisələri və digər strateji obyektlər barədə məlumat toplamağa çalışır.
Qeyd edək ki, “Bloomberg” agentliyi yanvar ayında Rusiyanın Discord vasitəsilə Cənubi Afrika Respublikasının iki vətəndaşını cəlb etdiyini yazmışdı. Onlardan birinin döyüşlərdə öldüyü təsdiqlənib.
Tahir TAĞIYEV