Almaniya və digər Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin xəbərinə görə, Rusiya 2026-cı ilin sonuna qədər Kosmosa göyərtəsində nüvə silahı olan peyk buraxmağı planlaşdırır. Bu barədə, xüsusilə WDR və NDR teleradio şirkətləri, həmçinin Süddeutsche Zeitung qəzeti məlumat verir, DW onların materialları haqqında yazır. Onların sözlərinə görə, Sputnik-S adlanan cihaz artıq yığılıb, Moskva vilayətində saxlanılıb və yaxın həftələrdə istifadəyə verilməyə hazırdır. Nəşrlər Bundesver və Alman kəşfiyyatının (BND) hesablamalarına istinad edir. İddia olunur ki, bir sıra NATO ölkələrinin hakimiyyət orqanları bu yaxınlarda müvafiq xəbərdarlıq alıb. Rusiya səfirliyi isə WDR, NDR və Süddeutsche Zeitung-un sorğusuna cavab olaraq, peyk haqqında məlumatlarının olmadığını bildirib və həmçinin Rusiyanın bütün "kosmik fəaliyyətləri ilə bağlı əsassız fərziyyələri" qəti şəkildə rədd edib. Alman mediasının materialına da diqqət çəkən Reuters qeyd edir ki, Rusiya səfirliyi, BND və NATO qərargahı şərh tələblərinə hələ cavab verməyib. Qeyd edək ki, 1967-ci il Kosmos Müqaviləsi orbitdə kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edir. Moskva əvvəllər belə planların mövcudluğunu qəti şəkildə inkar edirdi. Rusiyanın kosmosda nüvə silahı yerləşdirməsi mövzusu ilk dəfə yüksək səviyyədə 2024-cü ilin əvvəlində, o zaman Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri olan ABŞ konqresmeni Mayk Törnerin Rusiya ilə bağlı “ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhdid” elan etməsi ilə gündəmə gəlib. Müzakirə Rusiyanın nüvə texnologiyasından istifadə etməklə kosmik əsaslı peyk əleyhinə silahların mümkün inkişafı ilə bağlı olub. Həm Turnerin qiymətləndirmələrində, həm də hipotetik Sputnik-S vəziyyətində söhbət kosmosdan Yerə nüvə başlıqlarının atılmasından deyil, orbitdəki peykləri məhv etmək üçün nüvə silahından istifadə edilməsindən gedir. “Politico” daha sonra yazıb ki, ABŞ kəşfiyyatı Rusiyanın “potensial anti-peyk nüvə silahı yaratması” barədə xəbərdarlıq edib. NATO-nun baş katibi Mark Rutte də Rusiyanın gələcəkdə kosmosda müharibələr apara biləcəyindən və eyni zamanda peyklərə qarşı nüvə silahından istifadə edə biləcəyindən ehtiyat etdiyini bildirib.
SAMİRƏ