İran rəsmiləri ABŞ Tehranın qoyduğu yeddi şərti yerinə yetirənə qədər Hörmüz boğazının gəmiçilik üçün açılmayacağını bildirirlər. İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf qeyd edib ki, Vaşinqton bu yeddi şərti qəbul edənə qədər Tehran regional vəziyyətin nizamlanması üçün danışıqlar aparmaq niyyətində deyil.
IRNA agentliyi xəbər verir ki, noyabrın 24-də parlamentin açıq iclasında çıxış edən Qalibaf ABŞ Prezidentinin təhdid və təhqirlərinə baxmayaraq, İranın mövqeyinin aydın və dəyişməz qaldığını bildirib. O, İran xalqına qarşı təhdidlərin və iqtisadi təzyiqin Vaşinqtonun çarəsizliyinin əlamətləri olduğunu deyib.
Qalibaf əlavə edib ki, İran irəli sürdüyü yeddi şərt yerinə yetirilməyincə danışıqlara girməyəcək. O, təkrar hücumlar baş verərsə, İranın qəti cavab verməyə və döyüş meydanının coğrafi əhatə dairəsini genişləndirməyə hazır olduğu barədə xəbərdarlıq edib.
Noyabrın 24-də İran ordusunun baş komandanı general Əmir Hatəmi də oxşar bəyanatla çıxış edib. O, İranın milli maraqlarını qorumaq əzmini bir daha təkrarlayaraq, irəli sürülən yeddi şərtin qəbul edilməsinin Hörmüz boğazını yenidən açmağın yeganə yolu olduğunu bildirib. General Hatəmi “nə müharibə, nə də sülh” vəziyyətinə son qoymağın və təzyiq sanksiyalarının aradan qaldırılmasının zəruriliyini vurğulayıb. O, Hörmüz boğazını İranın güc strukturunun ayrılmaz bir hissəsi adlandırıb və qeyd edib ki, bunun sayəsində Amerikanın məğlubedilməzliyi mifi darmadağın edilib.
İran dəfələrlə bildirib ki, Vaşinqtonla danışıqların bərpasından əvvəl Tehranın yeddi şərti yerinə yetirilməlidir. Vasitəçilərlə çatdırılan tələblərə bütün cəbhələrdə hərbi əməliyyatlara son qoyulması, ABŞ sanksiyalarının və İran limanlarının dəniz blokadasının ləğvi, habelə dondurulmuş İran aktivlərinin azad edilməsi daxildir.
Mediada bildirildiyi kimi, Tehranın şərtləri bütün cəbhələrdə (Livan da daxil olmaqla) hərbi əməliyyatların dayandırılmasını, sanksiyaların və ABŞ-ın İran limanlarına qarşı dəniz blokadasının qaldırılmasını, İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını və dəymiş ziyana görə kompensasiyanın ödənilməsini əhatə edir.
İranın xarici işlər naziri Abbas Əraqçi əvvəllər gəmiçiliyin bərpası üçün iki günlük plan açıqlamışdı: əgər ABŞ birinci gün öhdəliklərini yerinə yetirərsə, boğaz ikinci gün açıla bilər və tərəflər danışıqlara başlaya bilərlər. Qətər və Pakistan, digərləri ilə yanaşı, təkliflərdə vasitəçi kimi çıxış edirlər.
İradə SARIYEVA