Böyük Britaniyanın Ukraynaya hərbi yardım çərçivəsində göndərmək üçün aldığı tonlarla plastik partlayıcının həqiqi C4 olmadığı barədə iddialar ölkədə müzakirələrə səbəb olub. “Financial Times” qəzetinin araşdırmasına görə, ABŞ-ın “Tripwire South LLC” şirkətindən alınan partlayıcıların tərkibində hərbi C4-ün əsas komponenti hesab edilən RDX maddəsi aşkarlanmayıb.
Nəşrin məlumatına görə, şirkətin sahibi, eyni zamanda yarımştat polis əməkdaşı kimi çalışan amerikalı silah alverçisi Rayan Morris Britaniyaya ənənəvi C4-dən daha güclü olduğu iddia edilən “EDC-4” adlı partlayıcı satıb. Lakin araşdırmada məhsulun RDX əvəzinə daha ucuz PETN əsaslı maddədən hazırlandığı bildirilib.
Bu partlayıcıların Ukraynanın Rusiyaya qarşı istifadə etdiyi hücum dronları üçün nəzərdə tutulduğu və tonlarla miqdarda Ukraynaya göndərildiyi qeyd olunur.
Britaniya Müdafiə Nazirliyi müstəqil sınaqlar zamanı məhsullarda yalnız PETN maddəsinin aşkarlandığını təsdiqləyib. Bununla belə, qurum partlayıcıların nəzərdə tutulan məqsəd üçün yararlı olduğunu, onların effektivliyi ilə bağlı narahatlıq keçirmədiklərini və Ukrayna tərəfindən müsbət rəylər aldıqlarını bildirib.
Araşdırmada diqqətə çatdırılıb ki, şirkətin təqdim etdiyi təhlükəsizlik sənədlərində partlayıcıların RDX tərkibli olduğu göstərilib. Eyni zamanda, PETN maddəsinin daşınması və saxlanması ilə bağlı bəzi təhlükəsizlik xəbərdarlıqlarının sənədlərdə yer almadığı iddia edilir.
“Financial Times”ın əldə etdiyi sənədlərə əsasən, 2025-ci ilin aprelində imzalanan müqavilə çərçivəsində ilkin mərhələdə 36 ton partlayıcı sifariş edilib. Razılaşma ümumilikdə 204 tona qədər məhsul alınmasına imkan verir və müqavilənin potensial dəyəri 26,3 milyon funt sterlinq təşkil edir.
“Tripwire South LLC” isə ittihamları rədd edib. Şirkət Britaniyaya göndərilən partlayıcıların RDX ehtiva etdiyini, təhlükəsizlik və effektivlik baxımından heç bir problemin olmadığını iddia edir.
Britaniya parlamentinin Müdafiə Komitəsinin üzvü, Liberal Demokratlar Partiyasından olan deputat Mayk Martin isə Müdafiə Nazirliyinin bu satınalma ilə yüzlərlə ukraynalı hərbçinin həyatını riskə atmış ola biləcəyini bildirib. O, milyonlarla funt sterlinq dövlət vəsaitinin bəyan edilən xüsusiyyətlərə malik olmayan məhsullara xərclənməsi ehtimalına diqqət çəkərək, nazirlikdən yaranmış vəziyyətə aydınlıq gətirməsini tələb edib.
Tahir TAĞIYEV