Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-də ABŞ Prezidenti Donald Trampla birlikdə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin praktiki icrasına başlanıldığını elan edib.
Paşinyan videomüraciətində bunu Ermənistanın müasir tarixində mühüm hadisə adlandırıb və layihəni ölkənin müstəqillik əldə etməsindən sonra həyata keçirilən ən böyük iqtisadi təşəbbüs kimi xarakterizə edib. Onun sözlərinə görə, noyabrın 23-dən etibarən Ermənistanın Sünik vilayətində layihə üzrə tikinti işlərinə hazırlıq mərhələsinə başlanılıb.
Ermənistan hökumətinin ABŞ ilə birgə həyata keçirdiyi layihənin əsas məqsədi Cənubi Qafqazda maneəsiz, multimodal tranzit əlaqələrinin yaradılmasıdır. Paşinyan vurğulayıb ki, bu proses ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına tam hörmət əsasında həyata keçiriləcək.
Ermənistanın baş naziri layihənin yalnız Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması baxımından deyil, bütövlükdə regionun iqtisadi inkişafı üçün əhəmiyyətli olduğunu bildirib. Onun fikrincə, TRIPP Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Şərq-Qərb nəqliyyat əlaqələrinin inkişafına əlavə təkan verəcək. Layihə Ermənistanın xarici bazarlara çıxışını genişləndirmək, investisiyaları cəlb etmək və biznes mühitini yaxşılaşdırmaq baxımından da əhəmiyyət daşıyır.
ABŞ Prezidenti Donald Tramp da videomüraciətlə çıxış edərək, layihənin başlanması münasibətilə Ermənistanı təbrik edib. O bildirib ki, ABŞ-Ermənistan əməkdaşlığı regionda malların, enerji resurslarının və insanların hərəkəti üçün yeni ticarət marşrutlarının yaradılmasına imkan verəcək. Tramp layihənin uğurla həyata keçirilməsi üçün Vaşinqtonun dəstəyini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Paşinyan noyabrın 21-də DigiTec 2026 texnologiya sərgisi çərçivəsində keçirilən müzakirədə layihənin enerji komponenti barədə də danışmışdı. O bildirmişdi ki, Ermənistanın elektrik şəbəkəsinin Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirilməsi nəzərdə tutulur. Hazırda Ermənistan Gürcüstan və İranın elektrik şəbəkələri ilə əlaqəlidir. Baş nazir elektrik enerjisinin ötürülməsinin səmərəliliyini artırmaq üçün investisiyalar yatırıldığını da açıqlamışdı.
Xatırladaq ki, Ermənistan parlamenti oktyabrın 28-də ABŞ ilə TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında Çərçivə Sazişini 63 lehinə, 32 əleyhinə səslə ratifikasiya edib. Noyabrın 12-də isə Prezident Vaaqn Xaçaturyan sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. Beləliklə, noyabrın 23-də layihənin praktiki icrasına rəsmi start verilməsi ilə onun həyata keçirilməsinin növbəti mərhələsinə keçilib.
Paşinyanın TRIPP layihəsinin ilkin mərhələsində Azərbaycan və Türkiyə ilə elektrik enerjisi şəbəkələrinin birləşdirilməsinə üstünlük verməsi, dəmir yolu və digər nəqliyyat əlaqələrinin isə sonraya saxlanılması ehtimalı Azərbaycanın maraqları baxımından nə dərəcədə məqbuldur? Bakı, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqəsinin bərpası əsas prioritet olduğu halda, enerji əməkdaşlığının önə çəkilməsi ilə razılaşmalıdırmı?
Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar Azərbaycan və Türkiyənin regional siyasətində koordinasiyanın daha da gücləndiyini göstərir. Ermənistanla münasibətlərin normallaşdırılması, nəqliyyat və enerji kommunikasiyalarının açılması, eləcə də regional iqtisadi layihələrin həyata keçirilməsi hər iki ölkənin maraqlarının uzlaşdırılmasını zəruri edir. Bəzən Türkiyənin Ermənistanla ayrıca danışıqlar aparması və müəyyən layihələr üzrə müstəqil təşəbbüslər göstərməsi Bakı ilə Ankara arasında yanaşma fərqləri kimi təqdim olunur. Lakin proseslərin ümumi məntiqi bu addımların vahid regional strategiyanın tərkib hissəsi olduğunu göstərir.
İlqar Vəlizadə: "Azərbaycan və Türkiyənin Ermənistanla bağlı addımları vahid strateji hədəfə xidmət edir"
Politoloq İlqar Vəlizadə bununla əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri çərçivəsində aparılan danışıqlar, layihələr ətrafında müzakirələr və atılan praktiki addımlar mahiyyət etibarilə üçtərəfli xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə müxtəlif istiqamətlərdə Ermənistanla əlaqələrin qurulmasına çalışmaqla, əslində eyni strateji məqsədə – regionda kommunikasiyaların bərpasına və Zəngəzur dəhlizi konsepsiyasının reallaşdırılmasına xidmət edirlər.
Politoloq qeyd edib ki, bu prosesə yalnız ikitərəfli münasibətlər kontekstində yanaşmaq düzgün deyil. Azərbaycan bir tərəfdən, Türkiyə isə digər tərəfdən enerji, nəqliyyat və kommunikasiya sahələrində Ermənistanla əlaqələrin qurulması istiqamətində addımlar atır. Bu təşəbbüslər ayrı-ayrı layihələr kimi görünsə də, ümumi regional inteqrasiyanın formalaşmasına hesablanıb.
İ.Vəlizadənin fikrincə, Türkiyənin Ermənistanla ayrıca danışıqlar aparması və müxtəlif layihələrin həyata keçirilməsində maraqlı olması Bakı ilə Ankara arasında fikir ayrılığının mövcudluğunu göstərmir. Bu, daha çox, proseslərin fərqli istiqamətlərdən irəliləməsinin yaratdığı görüntüdür. Türkiyənin əsas məqsədi regionda irimiqyaslı iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsi, bunun əsasında isə yeni siyasi və iqtisadi əməkdaşlıq platformasının formalaşdırılmasıdır.
Politoloq hesab edir ki, Azərbaycan da eyni strateji mövqedən çıxış edir. Son proseslər Azərbaycan-Türkiyə münasibətlərində guya mövcud olan fikir ayrılıqları barədə iddiaların real əsaslara söykənmədiyini göstərir. Hər iki ölkə regional siyasətdə uzunmüddətli hədəflər müəyyənləşdirir və atılan addımlar da həmin hədəflərə uyğun şəkildə həyata keçirilir.
Onun qənaətinə görə, Ermənistanın Azərbaycanla Türkiyə arasında yerləşməsi bu ölkəni regional proseslərin mühüm iştirakçısına çevirir. Buna görə də Bakı və Ankaranın Ermənistanla münasibətlərin normallaşdırılmasına, kommunikasiyaların açılmasına və iqtisadi əlaqələrin genişləndirilməsinə yönələn siyasəti vahid geosiyasi yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Burada əsas məsələ ayrı-ayrı danışıqların və təşəbbüslərin kim tərəfindən həyata keçirilməsi deyil, onların regionda hansı yeni siyasi və iqtisadi reallığı formalaşdıracağıdır.
Dəniz NƏSİRLİ