Samir Heydərov: “Senatorların narazılığı Trampın müdafiə siyasəti ilə bağlıdır”
Senatdakı respublikaçılar ABŞ-ın hərbi siyasəti ilə bağlı artan fikir ayrılıqları fonunda ABŞ prezidenti Donald Trampın Pentaqondakı yüksək vəzifələrə irəli sürdüyü iki namizədin - Ostin Damer və Aleks Veles-Qrinin təsdiqini bloklamağa hazırlaşırlar.
Administrasiya həmçinin Hərbi Dəniz Qüvvələri naziri və Quru Qoşunları qərargah rəisi vəzifələrinə irəli sürülən namizədlərlə bağlı müqavimətlə üzləşir, respublikaçılar isə əlavə 350 milyard dollarlıq müdafiə maliyyələşdirilməsi tələbinə qarşı çıxıblar.
Diqqəti çəkən odur ki, Demokratlar Partiyasının yanvar ayında Konqresə nəzarəti ələ alacağı bir vaxtda Trampın əsas təyinatları təsdiqlətmək və təklif etdiyi 1,5 trilyon dollarlıq müdafiə büdcəsini irəli aparmaq üçün vaxtı getdikcə azalır. Üstəlik, Tramp hazırkı Konqresdə belə, Respublikaçılar arasında dəstəyi təmin edə bilmir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Samir Heydərovun fikrincə, bu, ABŞ daxilində Tramp administrasiyasının müdafiə siyasəti ilə bağlı ciddi siyasi və institusional fikir ayrılıqlarını göstərir: “Burada əsas məsələ təkcə Demokratlarla Respublikaçılar arasındakı mübarizə deyil. Daha maraqlı məqam odur ki, Trampın öz partiyasından olan senatorlar da onun müdafiə siyasətinin bəzi elementlərinə qarşı çıxırlar. Burada üç mühüm səbəb görünür. Birincisi senatorların narazılığı Trumpın müdafiə siyasəti ilə bağlıdır. ABŞ-ın Rumıniyadakı hərbi qüvvələrinin bir briqadasının Konqres ilə razılaşdırılmadan çıxarılması senatorların narazılığına səbəb olub. Belə ki ABŞ-ın Avropadakı hərbi mövcudluğu ilə bağlı fikir ayrılığı vardır. Senatorlar, Mike Rogers, Roger Wicker, Dan Sullivan, Rick Scott, Micheal Turner Müdafiə Nazirinin müavini Elbridge Colbynin Konqreslə məsləhətləşmədən fəaliyyət göstərmələrinə, Konqreslə əlaqə və koordinasiya işlərinin zəif olmasına etiraz edirlər. İkincisi, Pentaqonun yüksək vəzifələrə namizədlərin təsdiqinin əngəllənməsi prezidentin hərbi idarəetmə komandasını formalaşdırmasını çətinləşdirir. Üçüncüsü, maliyyə mübahisəsidir”.
Ekspert onu da qeyd etdi ki, əlavə 350 milyard dollar və ümumilikdə 1.5 trilyon dollarlıq müdafiə büdcəsi respublikaçılar daxilində də fikir ayrılığı yaradır: “Respublikaçıların bir hissəsi İran müharibəsinin davam etməsinə və bunun dövlət borcunun artmasına səbəb olmasına etiraz edir. Senator Rand Paul da əlavə xərclərin dövlət borclanması hesabına maliyyələşdirilməsinə etiraz edir. Diqqətçəkən geosiyasi məqam odur ki, Respublikaçılar Partiyasında iki yanaşma toqquşur. Birincisi, Amerika First. Yəni ABŞ-ın hərbi resurslarını daha çox öz milli maraqlarına və prioritetlərinə yönəltmək. İkincisi isə ABŞ-ın qlobal öhdəliyi. Yəni NATO və Avropadakı hərbi mövcudluqdur. Ən vacib məqam Trampın müdafiə siyasəti ilə bağlıdır. Artıq Trampın müdafiə siyasəti ilə bağlı çətinliklər Demokratların müqavimətindən deyil, öz partiyasındakı senatorların mövqeyindən qaynaqlanır. Bu ABŞ-ın NATO strategiyasına, Avropadakı hərbi qüvvələrinin sayına və gələcəkdə Çinlə rəqabət üçün ayıracağı resurslara da təsir edə biləcək siyasi mübarizədir”.
Vidadi ORDAHALLI