Ermənistan istehsalı olan və ASALA terror təşkilatının üzvlərindən Monte Melkonyana həsr edilən “Monte” filminin Rusiyanın bir neçə şəhərində nümayişi ləğv edilib.
Ermənistan mediasının “Genetic Production” şirkətinə istinadən yaydığı məlumata görə, filmin nümayişinə dövlət qadağası qoyulub. Bu səbəbdən dekabrın 5-də Moskvanın “Oktyabr” kinoteatrında keçirilməsi nəzərdə tutulan premyera da baş tutmayacaq.
İstehsalçı şirkətin nümayəndələri nümayişin ləğvinin onların iradəsindən asılı olmayan səbəblərlə əlaqədar olduğunu bildiriblər.
Xatırladaq ki, filmin əsas qəhrəmanı Monte Melkonyan ASALA terror təşkilatının rəhbərlərindən biri olub. O, Qarabağ münaqişəsi dövründə azərbaycanlılara qarşı törədilən qətliamlarda iştirak edib. Buna baxmayaraq, Ermənistanda ona milli qəhrəman statusu verilib.
Tahir TAĞIYEV