Paşinyanın Konstitusiya gedişi şəraitində Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməyə hazırdırmı?
Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya layihəsini təqdim etməsi Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin gələcəyi baxımından mühüm siyasi hadisədir. Layihədə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yer almaması xüsusi diqqət çəkir. Həmin bəyannamədə Ermənistanın Dağlıq Qarabağla birləşməsinə dair müddəanın olması uzun illər Azərbaycanla münasibətlərdə ciddi siyasi və hüquqi ziddiyyətlərdən biri kimi çıxış edib. Rəsmi Bakı da Ermənistan Konstitusiyasında və ona istinad edilən sənədlərdə Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını sülhün əsas şərtlərindən biri hesab edir.
Paşinyanın yeni Konstitusiya təşəbbüsü göstərir ki, Ermənistan hökuməti artıq sülh prosesinin qarşısında dayanan hüquqi-siyasi maneələrin aradan qaldırılmasının vacibliyini qəbul edir. Bununla belə, layihənin təqdim edilməsini problemin həlli kimi qiymətləndirmək hələ tezdir. Çünki söhbət yalnız bir sənəddən müəyyən istinadın çıxarılmasından deyil, Ermənistanın dövlətçilik fəlsəfəsində və gələcək siyasi kursunda dəyişiklikdən gedir. Əsas məsələ bu dəyişikliklərin hüquqi baxımdan təsbit olunması və gələcək hakimiyyətlər tərəfindən də qorunmasıdır.
Burada Paşinyanın qarşılaşdığı əsas çətinlik daxili siyasi müqavimətdir. Ermənistan müxalifətinin bir hissəsi Qarabağ məsələsindən imtinanı milli maraqlara zidd addım kimi təqdim edir. Bu qüvvələr üçün keçmiş münaqişə mövzusu hələ də siyasi səfərbərlik vasitəsidir. Ona görə də yeni Konstitusiya layihəsinin referendumdan keçirilməsi heç də asan olmayacaq. Hakim partiyanın parlamentdə 105 yerdən 64-nə sahib olması və referendum üçün ən azı 70 deputatın dəstəyinə ehtiyac duyulması Paşinyanı müxalifətin mövqeyini də nəzərə almağa məcbur edir.
Paşinyanın referendumun dəstəklənməsi müqabilində növbəti parlament seçkilərində iştirak etməyəcəyini vəd etməsi, layihə xalq tərəfindən rədd edilərsə, istefa verəcəyini bildirməsi də məsələnin onun üçün nə qədər prinsipial olduğunu göstərir. Bu, bir tərəfdən, siyasi məsuliyyəti üzərinə götürmək cəhdi, digər tərəfdən isə müxalifəti və cəmiyyəti mühüm qərar qarşısında qoymaq taktikasıdır. Baş nazir başa düşür ki, Konstitusiya məsələsində uğursuzluq onun sülh strategiyasına ciddi zərbə vura bilər.
Azərbaycan baxımından isə əsas məsələ Ermənistanın yalnız indiki hakimiyyətinin deyil, bütövlükdə dövlət institutlarının ərazi iddialarından imtina etməsidir. Çünki sülh müqaviləsi imzalandıqdan sonra belə, Ermənistanın siyasi kursunda dəyişiklik baş verərsə, keçmiş iddiaların yenidən gündəmə gətirilməsi riski qalacaq. Bu baxımdan Konstitusiya dəyişikliyi sülhün hüquqi təminatlarının formalaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, təkcə Konstitusiyanın yeni redaksiyası bütün siyasi riskləri avtomatik aradan qaldırmır. Əsas təminat dövlətin gələcək siyasətində qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət prinsipinin möhkəmlənməsidir.
Digər tərəfdən, Paşinyanın bu addımını yalnız Azərbaycana verilən güzəşt kimi qiymətləndirmək düzgün olmazdı. Ermənistanın da davamlı sülhə ehtiyacı var. Münaqişənin davam etməsi ölkənin iqtisadi inkişafına, regional kommunikasiyalara çıxış imkanlarına və təhlükəsizlik mühitinə mənfi təsir göstərir. Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün regional iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi deməkdir. Bu mənada yeni Konstitusiya təşəbbüsü Paşinyanın ölkəsini uzunmüddətli münaqişə gündəliyindən çıxararaq daha praqmatik dövlət siyasətinə yönəltmək cəhdi kimi də dəyərləndirilə bilər.
Ancaq burada mühüm bir məqam var: Konstitusiya layihəsinin hazırlanması ilə onun cəmiyyət tərəfindən qəbul edilməsi arasında ciddi siyasi məsafə mövcuddur. Ermənistan cəmiyyətinin müəyyən hissəsində Qarabağ məsələsi hələ də emosional və siyasi əhəmiyyətini qoruyur. Müxalifət də bundan istifadə edərək Paşinyanı milli maraqlara güzəştə getməkdə ittiham edə bilər. Belə bir şəraitdə referendumun nəticəsi təkcə Konstitusiyanın taleyini deyil, həm də Ermənistanın gələcək siyasi istiqamətini müəyyənləşdirən hadisəyə çevrilə bilər.
Nəticə etibarilə, Paşinyanın yeni Konstitusiya təşəbbüsü Azərbaycan-Ermənistan münasibətlərində sülhün hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımdır. Lakin real nəticə layihənin referendumda qəbul edilməsindən, qüvvəyə minməsindən və sonrakı hakimiyyətlər tərəfindən qorunmasından asılı olacaq. Azərbaycan üçün əsas olan isə Ermənistanın siyasi bəyanatları deyil, ərazi bütövlüyünə qarşı iddiaların hüquqi və institusional səviyyədə aradan qaldırılmasıdır. Yalnız bu halda sülh müqaviləsi müvəqqəti siyasi razılaşma deyil, gələcək nəsillər üçün davamlı təhlükəsizlik və əməkdaşlıq mexanizminə çevrilə bilər.
Akif NƏSİRLİ