Məhərrəm Zülfüqarlı: “Çox güman ki, erməni xalqı referendumda yeni Konstitusiyaya səs verəcək”
“Ermənistanın yeni Konstitusiya layihəsində ölkənin gerbindəki simvollardan biri kimi Ağrı dağına istinad yer almayıb”. Bu barədə yeni Konstitusiya layihəsinin 16-cı maddəsində bildirilir.
Yeni Konstitusiya layihəsində ölkənin dövlət rəmzləri – gerb, bayraq və himnin qanunla müəyyən ediləcəyi qeyd olunur. Mövcud Konstitusiyada isə gerbdə Ağrı dağı (Ararat), Nuhun gəmisi və tarixi Ermənistanın dörd çarlığının gerblərinin təsvir edildiyi göstərilir. Yeni layihədə bu detallara yer verilməyib.
Bütün bunları ekspertlər necə dəyərləndirir? Bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməsi anlamına gəlirmi?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, Ermənistanın yeni Konstitusiyasında dəyişikliklərin olması və bunun müzakirəyə buraxılması çox müsbət haldır: “Çünki xəstə erməni təfəkkürü uzun illərdir böyük dövlətlərin bilavasitə təhriki ilə qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edirlər. Xüsusən də müsəlman dövlətlərinə qarşı. Düzdür, Gürcüstana qarşı da bu cür iddialar var. Çünki bunlar xəstə təxəyyülün məhsulu olan “böyük Ermənistan” xülyası ilə yaşayırlar. Məsələnin əsil mahiyyəti ondan ibarətdir ki, böyük dövlətlər ermənilərdən bir alət kimi istifadə edirlər. İtaliyanın sabiq baş nazirlərindən biri deyib ki, ermənilər Avropanın sevimli pişiklərindən biridir. Hamı onların başını tumarlayır, amma heç nə vermirlər. Digər tərəfdən qərb ölkələri Türkiyəyə nəyisə vermək istəməyəndə, nəyisə almaq istəyəndə o dəqiqə qondarma “erməni soyqırımı” məsələsini ortaya atırlar. Əlbəttə ki, mövcud Konstitusiyada Ağrı dağının olması, preambulada Qarabağın Ermənistan ərazisi kimi göstərilməsi xəstə təxəyyülün məhsulu idi. Ümumiyyətlə, müsəlman qonşuları ilə dil tapa bilməsinlər. Nəticədə düşmənçilik daim davam etsin”.
Professor onu da qeyd etdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilən antiterror əməliyyatlarında qələbəsi erməni separatizminin belini qırdı: “O üzdən Paşinyan doğru olaraq qeyd edir ki, əgər Ermənistan dövlətinin qalmasını istəyiriksə, biz yaxın qonşularımızla, yəni Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalıyıq. Bu da məhz həmən dəyişikliklərdən keçir. Türkiyə ilə münasibətlər necə normallaşa bilər ki, Ermənistanın gerbində Ağrı dağının şəkli var? Hansıki, BMT bu ərazi ilə Türkiyəni üzvlüyə qəbul edib. Ona görə də Paşinyan yeganə erməni rəhbəridir ki, ayıq başla erməni xalqını düşünərək bunu edir. Ancaq Rusiyanın orada saxladığı beşinci kalon, Fransanın diktəsi və s. yenədə bunları düz yoldan çəkindirməyə, düşmənçilik toxumu səpməyə çalışırlar. Bu da erməni xalqının deyil, kənardan olan qüvvələrin xeyrinədir. Çox güman ki, erməni xalqı referendumda yeni Konstitusiyaya səs verəcək”.
Vidadi ORDAHALLI