Çeçenistan lideri Ramzan Kadırovun 19 yaşlı oğlu Əli, "Əli Musayev" adı ilə Serbiya vətəndaşlığı alıb. Bu barədə çərşənbə axşamı, 24 noyabr tarixində Korrupsiya ilə Mübarizə Fondu (FBK) və "Agentstvo. Novosti" Telegram kanalı məlumat yayıb. Onların əldə etdiyi məlumata əsasən, Qroznıdakı Mərkəzi Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi (ZAGS) soyad dəyişikliyini 1 yanvar 2025-ci ildə rəsmiləşdirib. Beş ay sonra, 10 iyul 2025-ci ildə isə Kadırovun oğluna Serbiya vətəndaşlığı verilib. FBK müəyyən edib ki, o, "Musayev" soyadından istifadə edərək 100 dəfədən çox xaricə – əsasən Dubaya – səfər edib və bu səfərlərin çoxunda şəxsi təyyarələrdən istifadə edib. "Serbiya Putinin yaxın ətrafından olan onlarla şəxsə vətəndaşlıq verib." Kanalın məlumatına görə, bu səfərlər zamanı Kadırov ailəsinə məxsus olan və 2025-ci ilin avqustunda avropalı bir sahibkardan alınan "Bombardier Global 6000" (bort nömrəsi RA73604) markalı biznes-jetdən istifadə edilib. "Agentstvo. Novosti" nəşrinin xəbərinə görə, Kadırov ailəsinin digər üzvləri də səyahətlər zamanı "Musayev" soyadından istifadə edirlər. Bu arada, Korrupsiya ilə Mübarizə Fondu (FBK) Serbiyanın "Putinin yaxın ətrafından olan onlarla digər şəxsə" – o cümlədən hökumət rəsmilərinin qohumlarına və müdafiə sənayesi müəssisələrinin sahiblərinə – vətəndaşlıq verdiyini aşkar edib. Fond Serbiya hakimiyyətindən Əli Kadırovun pasportunun ləğv edilməsini və digər oxşar halların araşdırılmasını tələb edib. FBK hazırda Serbiya və Avropa İttifaqı orqanlarına rəsmi müraciətlər hazırlayır.
SAMİRƏ