ABŞ administrasiyasında İranla müharibənin növbəti mərhələsi ilə bağlı fərqli ssenarilər nəzərdən keçirilir. Bu variantlar arasında Tehranın yüksək vəzifəli rəhbər şəxslərinə qarşı sui-qəsd əməliyyatlarının təşkili də yer alır.
“NBC News”un anonim mənbələrə istinadən yaydığı məlumata görə, Donald Trampın komandasında bəzi rəsmilər belə bir əməliyyatın münaqişənin başa çatdırılmasına təsir göstərə biləcəyini düşünürlər. Onların qənaətinə görə, İran rəhbərliyinin qalan üzvlərinin hədəfə alınması Vaşinqtonun hərbi imkanlarını nümayiş etdirməklə Tehrana təzyiqi artıra bilər.
Lakin bu yanaşma ABŞ administrasiyasında birmənalı qarşılanmır. Təklifə etiraz edən rəsmilər hesab edirlər ki, İran rəhbərliyinə qarşı yeni sui-qəsdlər ölkədə qalan hakimiyyət nümayəndələrinin mövqelərini möhkəmləndirə və gələcək diplomatik danışıqların aparılmasını çətinləşdirə bilər.
Mənbələr bildirirlər ki, Tramp hələlik konkret qərar verməyib. ABŞ prezidentinin nəzərdən keçirdiyi variantlar sırasında İran ərazisində genişmiqyaslı hərbi əməliyyatın keçirilməsi də var. İran rəsmilərinin hədəfə alınması ideyası əvvəlki dövrlərdə də müzakirə edilib, lakin son həftələrdə yenidən aktuallaşıb.
Ağ Ev nümayəndələrindən biri ABŞ-ın hazırkı mövqeyini şərh edərkən Hörmüz boğazına nəzarət və İran iqtisadiyyatına təzyiqləri Vaşinqtonun əlindəki mühüm vasitələr kimi qiymətləndirib. Onun sözlərinə görə, Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müxtəlif imkanlardan istifadə edə bilər.
Qeyd edək ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Hücumlar zamanı hərbi və nüvə obyektləri ilə yanaşı, mülki infrastruktur da zərbələrə məruz qalıb. Əvvəlki ali rəhbər Əli Xamenei də daxil olmaqla, İranın bir sıra yüksək vəzifəli şəxsləri həlak olub.
Buna cavab olaraq Tehran Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib. Hazırda Vaşinqtonun mümkün növbəti addımları regionda münaqişənin daha da genişlənməsi ehtimalını gündəmə gətirir.
Tahir TAĞIYEV