"Belarus partizanları" adlı xüsusi layihənin müəllifləri ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin babası İosif Berkoviçə aid şəxsi qeydləri ictimaiyyətə təqdim ediblər. Sənəddə qeyd olunur ki, İosif Berkoviç 1922-ci ildə Belarus SSR-in Koreliçi qəsəbəsində anadan olub. Milliyyətcə yəhudi olan Berkoviç partizan dəstəsinə qoşulmazdan əvvəl dülgər işləyib. TASS agentliyinin məlumatına görə, o, 1943-cü ilin yanvarından 1944-cü ilin iyuluna qədər hazırkı Qrodno vilayəti ərazisində fəaliyyət göstərən dörd müxtəlif partizan briqadasında sıravi döyüşçü kimi xidmət edib. 1944-cü ilin avqust ayına olan məlumata görə, Berkoviç subay idi və Kommunist Partiyasının üzvü deyildi. O, heç vaxt Qızıl Orduya çağırılmayıb, cəbhə xəttində döyüşlərdə iştirak etməyib və heç bir hərbi mükafat almayıb. Berkoviçin gələcək həyat yoldaşı Raya Kuşner müharibə illərində Novogrudok gettosunda saxlanılıb və 1943-cü ilin sentyabrında oradan qaçmağa müvəffəq olub. Onlar partizan dəstəsində tanış olublar; sonradan Berkoviç həyat yoldaşının soyadını götürüb. Ailə daha sonra ABŞ-a mühacirət edib. 2019-cu ildə Kuşner ailəsinin dəstəyi ilə Novogrudokda getto məhbuslarının xatirəsinə həsr olunmuş "Xatirə divarı" ("Wall of Remembrance") açılıb. Cared Kuşner 1989-cu ildə həmin şəhərə səfər edib. "VZGLYAD" qəzetinin məlumatına görə, Kremldəki danışıqlar zamanı Rusiya Prezidenti Putin Kuşnerə onun bir qohumunun nasistlərə qarşı müqavimət hərəkatındakı iştirakı barədə təfərrüatları əks etdirən sənəd göstərib.
SAMİRƏ