Türkiyədə incəsənət və şou-biznes dünyasının tanınmış simalarını əhatə edən istintaq çərçivəsində növbəti əməliyyat keçirilib. Müğənni və aktyor Özcan Deniz, aktrisa Deniz Çakır və Burcu Özberkin də aralarında olduğu 35 nəfər saxlanılıb.
İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində ümumilikdə 35 şübhəli barəsində saxlanılma qərarı verilib. Əməliyyat zamanı saxlanılan şəxslər arasında aktyorlar, aparıcılar, rejissorlar və digər ictimaiyyətə tanış simalar var. Digər şübhəlilərin axtarışı və istintaq tədbirləri davam etdirilir.
Türkiyə mediasının məlumatına görə, araşdırma narkotik vasitələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, başqalarına təmin olunması, istifadəsi və saxlanılması, eləcə də fahişəliyə dair cinayət şübhələrini əhatə edir.
Saxlanılma qərarları istintaq çərçivəsində toplanmış materiallar əsasında verilib. Prokurorluğun açıqlamasında şübhəlilərin ifadələrinin, şahid və gizli şahid məlumatlarının, həmçinin müsadirə edilmiş mobil telefonlar və digər rəqəmsal daşıyıcıların ekspertiza nəticələrinin qiymətləndirildiyi bildirilib.
Qeyd edək ki, saxlanılan şəxslər arasında olmaq onların təqsirinin sübuta yetirilməsi demək deyil. Hazırda araşdırma davam edir və iş üzrə yekun hüquqi qərar verilməyib.
Tahir TAĞIYEV