Hörmüz boğazında iki neft tankerində partlayış baş verib. İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasına istinad edən Press TV-nin məlumatına görə, gəmilər dəniz minalarına düşdükdən sonra yanğın başlayıb.
Bildirilib ki, tankerlər Hörmüz boğazının cənub və şərq sahilləri yaxınlığında minaya düşüb. Nəticədə hər iki gəminin maşınist bölməsində yanğın baş verib. Hadisənin təfərrüatları, gəmilərin hansı ölkəyə məxsus olduğu və ekipaj üzvlərinin vəziyyəti barədə hələlik əlavə məlumat açıqlanmayıb.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji tədarükünün əsas marşrutlarından biridir. Qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımalarının mühüm hissəsi bu su yolundan keçir.
Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra boğazda gəmi hərəkəti ciddi şəkildə məhdudlaşıb. Tehran məhdudiyyətlərin ABŞ-ın dəniz blokadası və sanksiyalarla bağlı tələbləri yerinə yetirilənədək davam edəcəyini bəyan edib.
Bəzi gəmilərin boğazdan keçməsinə baxmayaraq, nəqliyyatın intensivliyi münaqişədən əvvəlki dövrlə müqayisədə xeyli aşağı olaraq qalır. Hadisə regionda gəmiçilik təhlükəsizliyi və qlobal enerji təchizatı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Tahir TAĞIYEV