Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ilə bağlı korrupsiya işində yeni mərhələ başlayıb. İsveçrə hakimiyyəti onun qanunsuz yollarla əldə edildiyi müəyyənləşdirilən aktivlərinin daha 252,5 milyon dollarını Özbəkistana qaytarmağa razılıq verib.
Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumatına görə, bu barədə iki ölkə arasında müvafiq saziş təsdiqlənib. Qaytarılacaq vəsaitin sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və insan kapitalının inkişafına sərf olunması nəzərdə tutulur.
Maliyyə resurslarının idarə olunması üçün yaradılmış “İşonç” fondu vəsaitlərin təyinatı üzrə bölüşdürülməsini təmin edəcək. “Özbəkistanın Baxışı 2030” təşəbbüsü çərçivəsində fondun strategiyasının ilk mərhələsində səhiyyə və təhsil sahələrinə artıq 87 milyon dollar ayrılıb.
Bu vəsaitin bir hissəsi ana və uşaq sağlamlığının qorunmasına, perinatal xidmətlərin keyfiyyətinin artırılmasına, digər hissəsi isə təhsil sisteminin təkmilləşdirilməsinə, müəllimlərin rəqəmsal bacarıqlarının inkişafına və müvafiq qurumların institusional imkanlarının gücləndirilməsinə yönəldiləcək.
Qeyd edək ki, Gülnarə Kərimovanın xaricdəki aktivlərinin Özbəkistana qaytarılması prosesi bir neçə ildir davam edir. 2022-ci ilin avqustunda İsveçrə və Özbəkistan arasında onun 131 milyon dollar dəyərində aktivlərinin geri qaytarılması ilə bağlı yekun razılaşma əldə olunmuşdu.
Beləliklə, son saziş Özbəkistanın xaricdə aşkarlanan və müsadirə edilən aktivlərinin ölkəyə qaytarılması istiqamətində növbəti mühüm addım hesab olunur. Rəsmi Daşkənd bu vəsaitlərin sosial sahələrə yönəldilməsi ilə onların birbaşa əhalinin rifahına xidmət etməsini hədəfləyir.
Tahir TAĞIYEV