Avropanın hava hücumundan müdafiə sistemi Rusiya ilə mümkün hərbi qarşıdurmaya lazımi səviyyədə hazır deyil. Bu barədə ABŞ-ın Avropadakı quru qoşunlarının sabiq komandanı, general Ben Hodces İsveçin SVT telekanalının sənədli filmində xəbərdarlıq edib.
Generalın sözlərinə görə, müharibə başlayacağı təqdirdə Rusiya Ukraynada tətbiq etdiyi kütləvi raket zərbələri və pilotsuz uçuş aparatları ilə hücum taktikasını NATO ölkələrinə qarşı da istifadə edə bilər.
“Bild” nəşrinin yazdığına görə, Hodces avropalıları Odessa, Kiyev və Xarkovda hər gecə baş verən hücumları təsəvvür etməyə çağırıb. O bildirib ki, eyni ssenari Almaniyanın Bremerhaven, Polşanın Qdansk və Latviyanın Riqa şəhərlərində də yaşana bilər.
Generalın fikrincə, Rusiyanın əsas hədəfləri NATO-nun Baltikyanı ölkələrə hərbi yüklər daşıması üçün vacib olan limanlar, dəmir yolları və körpülər ola bilər. O, Almaniyanın Bremerhaven və İsveçin Göteborq limanlarını mümkün hədəflər sırasında göstərib.
Hodces Avropanın hava hücumundan müdafiəsində əsas problemlər kimi sursat çatışmazlığını və hərbi təlimlərin yetərli səviyyədə keçirilməməsini qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatından sonra sursat ehtiyatları ilə bağlı vəziyyət daha da çətinləşib.
General NATO-ya raket hücumları, radioelektron maneələr və kiberhücumlar şəraitində müdafiə tədbirlərinin məşq edilməsini tövsiyə edib.
Tahir TAĞIYEV