Türkiyədə birja və investisiya fondları ətrafında aparılan genişmiqyaslı araşdırma hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərliyində növbəti istefaya səbəb olub. Partiyanın sədr müavini Hayati Yazıcı həm Mərkəzi İcraiyyə Komitəsində (MYK), həm də Mərkəzi Qərar və İdarə Heyətindəki (MKYK) vəzifələrindən ayrıldığını açıqlayıb.
Qərarın arxasında Yazıcının oğlu Mustafa Yazıcının adının maliyyə əməliyyatları ilə bağlı cinayət işi üzrə istintaqda hallanması dayanır. Partiyanın yüksək vəzifəli nümayəndəsi ailəsi ətrafında yaranan müzakirələrin AK Partinin nüfuzuna mənfi təsir göstərməməsi üçün belə addım atdığını bildirib.
Hayati Yazıcı oğluna qarşı irəli sürülən iddiaları qəbul etmədiyini vurğulayıb. Onun sözlərinə görə, Mustafa Yazıcı araşdırılan investisiya fondlarından nə özü, nə də sahibi olduğu şirkətlər vasitəsilə gəlir əldə edib. O, oğlunun Adil Katılım Bankının təsisçisi, səhmdarı və ya rəhbəri olmadığını da qeyd edib.
Mustafa Yazıcının adı İstanbul Birjasında bəzi səhmlərin və investisiya fondlarının manipulyasiyası ilə bağlı araşdırmada gündəmə gəlib. O, istintaq çərçivəsində iki dəfə ifadə verib. Noyabrın 18-də prokurorluqda təxminən 6 saat yarım dindirilən Mustafa Yazıcı daha sonra hakim qarşısına çıxarılıb.
Məhkəmə onun barəsində ölkədən çıxış qadağası və müəyyən dövrlərdə imza vermək öhdəliyi tətbiq edib. Araşdırma zamanı onunla əlaqəli olduğu bildirilən şirkətlərin fəaliyyəti də yoxlanılıb. Dörd şirkətə, o cümlədən Adil Varlık Yönetim AŞ-yə TMSF tərəfindən qəyyum təyin edilib. Adil Katılım Bankının idarəetmə və nəzarəti də müvafiq qərarla TMSF-yə verilib.
Bu istintaq artıq AK Parti rəhbərliyində ikinci yüksək səviyyəli istefaya yol açıb. Sentyabr ayında sabiq ailə və sosial xidmətlər naziri, partiyanın sədr müavini Fatma Betül Sayan Kaya da özü və həyat yoldaşı ilə bağlı birja əməliyyatları iddialarından sonra vəzifəsindən ayrılmışdı.
Kaya noyabrın 5-də istintaq çərçivəsində həbs edilsə də, noyabrın 24-də ev dustaqlığı formasında məhkəmə nəzarəti tədbiri ilə azadlığa buraxılıb.
Bütün bunlar onu göstərir ki, investisiya fondları və birja əməliyyatları ilə bağlı araşdırma Türkiyədə yalnız maliyyə sektorunda deyil, hakim partiyanın rəhbər strukturlarında da ciddi dəyişikliklərə səbəb olur.
Tahir TAĞIYEV