Ukrayna Silahlı Qüvvələri noyabrın 25-nə keçən gecə Rusiyanın Samara vilayətinə genişmiqyaslı dron hücumu həyata keçirib. Hücum nəticəsində “Rosneft” şirkətinə məxsus iki iri neft emalı zavodunda – Sızran və Kuybışev müəssisələrində yanğınlar baş verib.
Vilayət qubernatoru Vyaçeslav Fedorışevin açıqlamasına görə, hava hücumundan müdafiə sistemləri və mobil atəş qrupları bölgə üzərində 145 pilotsuz uçuş aparatını məhv edib. Hücum nəticəsində bir nəfər həlak olub, dağıntılar qeydə alınıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Açıq mənbələrdə yayılan görüntüləri təhlil edən “Astra” nəşri dronların əsas hədəflərinin Sızran və Kuybışev neft emalı zavodları olduğunu bildirib. Sızran zavodunda hücumdan sonra güclü yanğın başlayıb. İllik təxminən 8,9 milyon ton neft emalı gücünə malik müəssisə bundan əvvəl sentyabrın 15-də də dron hücumuna məruz qalmışdı. Həmin vaxt ilkin neft emalı qurğusuna və rezervuar parkına ziyan dəymiş, zavod fəaliyyətini dayandırmışdı.
Samara şəhərinin ərazisində yerləşən Kuybışev neft emalı zavodunda da dron hücumundan sonra yanğın qeydə alınıb. İllik emal gücü 7 milyon ton olan müəssisə sonuncu dəfə sentyabrın 22-də hücuma məruz qalmışdı.
Bununla yanaşı, Ukraynanın monitorinq kanalları gecə hücumu zamanı Novokuybışevsk neft emalı zavodunun və “Transneft” şirkətinə məxsus “Samara” xətti istehsal-dispetçer stansiyasının da hədəfə alınmış ola biləcəyini bildiriblər. Yerli sakinlər həmin obyektlərin yerləşdiyi ərazilərdə partlayış səsləri eşitdiklərini yazsalar da, bu məlumatları təsdiqləyən görüntülər hələlik yayımlanmayıb.
Qeyd edək ki, Samara vilayəti Rusiyanın mühüm neft emalı mərkəzlərindən biridir. Bölgədəki müəssisələrə endirilən zərbələr Rusiyanın yanacaq istehsalı və enerji infrastrukturuna təsir göstərə bilər. Bununla belə, zavodların hazırkı vəziyyəti və dəymiş ziyanın miqyası barədə rəsmi təsdiqlənmiş ətraflı məlumat yoxdur.
Tahir TAĞIYEV