Ukrayna Prezidenti Volodimir Zelenski Belarusun prezidenti Aleksandr Lukaşenkonun Moskvada görüş təklifinə münasibət bildirib. Zelenski Lukaşenkoya Rusiya Prezidenti Vladimir Putini də özü ilə götürərək Kiyevə gəlməyi təklif edib.
“Qoy Putini də özü ilə gətirsin və birlikdə Kiyevə uçsunlar. Burada da onların təhlükəsizliyinə mütləq zəmanət verəcəyik. Əlbəttə, bunlar danışıqlardır”, – deyə Zelenski bildirib.
Bununla belə, Ukrayna Prezidenti Lukaşenkonun təklifini ciddi təşəbbüs hesab etmədiyini vurğulayıb. Onun sözlərinə görə, tərəflər arasında müharibə davam etdiyi bir vaxtda Moskva və ya Kiyevdə görüş keçirilməsinin mümkün olmadığı hər kəsə məlumdur.
Zelenski Lukaşenkonun belə təkliflər irəli sürməklə müharibənin başa çatmasına yaxınlaşmaq üçün real addım atmadığını bildirib.
Ukrayna Prezidenti hesab edir ki, danışıqlar barədə ciddi danışmaq istəyən tərəf münaqişənin sona çatmasına xidmət edən konkret təşəbbüslər ortaya qoymalıdır.
Tahir TAĞIYEV