ABŞ-ın Ukraynadakı səfirliyi öz vətəndaşlarına müraciət edərək Rusiyanın davam edən hücumları səbəbindən Ukraynaya səfər etməməyə çağırıb. Diplomatik nümayəndəlik xəbərdarlıq edib ki, ölkənin istənilən bölgəsi raket və dron hücumlarının hədəfinə çevrilə bilər.
“European Pravda”nın məlumatına görə, səfirlik bu barədə noyabrın 24-də təhlükəsizlik xəbərdarlığı yayıb. Bildirilib ki, ABŞ Dövlət Departamenti Rusiya-Ukrayna müharibəsi davam etdiyi üçün amerikalılara Ukraynaya səyahət etməməyi tövsiyə edir.
Xəbərdarlıqda vurğulanıb ki, Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə hücumları Ukraynanın bütün ərazilərinə təsir göstərir. Zərbələr əvvəlcədən xəbərdarlıq edilmədən, istənilən vaxt həyata keçirilə bilər.
Səfirlik Ukrayna vətəndaşlığı da olan ikili vətəndaşlara ayrıca diqqət çəkib. Bildirilib ki, 23-60 yaş arası Ukrayna vətəndaşı olan kişilərin, o cümlədən ikili vətəndaşlığı olan şəxslərin ölkədən çıxışına icazə verilməyə bilər.
Ukraynada olan ABŞ vətəndaşlarına isə hava hücumu xəbərdarlıqları üçün mobil tətbiqi aktivləşdirmək, ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyənləşdirmək və hərbi vəziyyətin tələblərinə əməl etmək tövsiyə olunub.
Tahir TAĞIYEV