Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Antalya şəhərində səfərdədir.
Noyabrın 24-25-də keçirilən “Antalya Beynəlxalq Seçki Forumu”nda iştirak məqsədilə gerçəkləşdirilən səfər Türkiyə Respublikası Yüksək Seçim Kurulunun sədri Serdar Muttanın dəvəti əsasında baş tutub.
Bu barədə baki-xeber.com-a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.
Türkiyə Respublikası Yüksək Seçim Kurulunun təşəbbüsü ilə təşkil olunan beynəlxalq forum müasir dövrdə seçki proseslərinə təsir göstərən qlobal tendensiyalar, seçki idarəçiliyi, seçki proseslərində müasir çağırışlar, seçki qurumlarının media ilə münasibətləri və ictimaiyyətlə əlaqələr, seçkilərin hazırlanıb keçirilməsində şəffaflıq və ictimaiyyətlə səmərəli kommunikasiyanın təmin olunması kimi bir sıra aktual məsələləri əhatə edir.
Tədbirin gündəliyinə əsasən M.Pənahov beynəlxalq forumda çıxış edib. O, çıxışında seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunmasının, media və ictimaiyyətlə səmərəli kommunikasiyanın və seçki subyektlərinin maarifləndirilməsinin əhəmiyyətindən bəhs edib. Azərbaycanın seçki praktikasına istinad edən MSK sədri ölkəmizin seçki qanunvericiliyinin yaratdığı imkanlar, müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, müşahidəçilərin və media nümayəndələrinin seçki prosesində sərbəst iştirakı, eləcə də ictimaiyyətin dəqiq və operativ məlumatlandırılması istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. M.Pənahov rəqəmsal mühitdə dezinformasiyaya qarşı mübarizənin və beynəlxalq təcrübə mübadiləsinin aktuallığını xüsusi qeyd edib.
Səfər çərçivəsində MSK sədri Türkiyəli həmkarı ilə yanaşı, foruma qatılan xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşüb. Görüşlərdə seçki sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qurumlararası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Ümumilikdə 23 ölkə və beynəlxalq qurumdan 75 nümayəndənin qatıldığı “Antalya Beynəlxalq Seçki Forumu” seçki idarəçiliyi sahəsində beynəlxalq dialoqun inkişafı, müxtəlif ölkələrin ali seçki qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanları və qabaqcıl təcrübələrin qarşılıqlı mübadiləsi baxımından əhəmiyyətli beynəlxalq platformadır.
İradə SARIYEVA