Xəzər rayonunda ərazilərə nəzarətin zəif təşkili və aşkar edilmiş nöqsanlara görə Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət verilib, Buzovna və Türkan qəsəbələrinin nümayəndələrinə isə xəbərdarlıq edilib.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) verilən məlumata görə, bu barədə Xəzər Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə bildirilib.
Müşavirə rayon ərazisində payız-qış mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işlərinin təşkili, küçə və prospektlərdə mövcud nöqsanların aradan qaldırılması məsələlərinə həsr olunub. Tədbirdə rayonun kommunal-təsərrüfat qurumlarının rəhbərləri, qəsəbə və inzibati ərazi dairələri üzrə nümayəndələr, həmçinin bələdiyyə sədrləri iştirak ediblər.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov görülən işləri, rayonun ümumi memarlıq və estetik görünüşünə xələl gətirən halları, eləcə də qəzalı tikililərin vəziyyətini təhlil edib. O, mövcud nöqsanlarla bağlı aidiyyəti rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.
Digər qəsəbələrin nümayəndələrinə də aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması, abadlıq və təmizlik işlərinə nəzarətin gücləndirilməsi, habelə gələcəkdə belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.