İlqar Orucov: "...İnstitusional maraqların toqquşması və tənzimləmə çətinlikləri tamamilə obyektiv reallıqdır"
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov "Ali təhsil haqqında" qanun gecikmə səbəblərini açıqlayıb. Komitə sədri "Ali təhsil haqqında" Qanunun təsdiqlənməməsinin səbəblərini dilə gətirib:
"Siz də bilirsiniz ki, "Ali təhsil haqqında" Qanun layihəsinin hazırlanmasına beşinci çağırışda başlanıldı. Onda İsa müəllim Elm və Təhsil Komitəsinin sədri idi. "Ali təhsil haqqında" Qanun layihəsini hazırlamaq asan deyil. Burada müxtəlif tərəflər var. Elm və Təhsil Nazirliyi bir tərəfdədir, universitetlər də öz yerində. Hər tərəfin öz marağı var. Məsələn, hər bir universitet rəhbərliyi çalışır ki, müəyyən məqamlar layihəd öz əksini tapsın. Biz isə deyirik ki, bəzi məsələlər Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Yəni hərənin öz marağı var". O bildirib ki, qanun layihəsinin hazırlanması ilə bağlı altıncı çağırışda da müəyyən işlər görülüb və hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir. "İndi yeddinci çağırışdır və sizi əmin edirəm ki, "Ali təhsil haqqında" Qanun layihəsini hazırlamaq çox çətindir. Müstəqilliyin ilk illərində çox şeyi etmək olurdu. Nə üçün? Hər şey yeni idi. Amma 30 ildən sonra "təzə başlamışıq" ifadəsini işlətmək olmur. Artıq biz dünyada tanınırıq. Əgər bir ölkə Avropanın 16 ölkəsinə enerji verirsə, o, "Ali təhsil haqqında" sıradan qanun layihəsi hazırlaya bilməz.. Hazırladığımız sənəd elə olmalıdır ki, bir neçə aydan sonra əlavə və dəyişiklik etməyə ehtiyac qalmasın", - deyə komitə sədri vurğulayıb. Anar İsgəndərov qanun layihısinin hazırlanmasının gecikmə kimi qiymətləndirilməsi ilə razı olmadğını vurğulayıb. "Sizi əmin edirəm, işlər gedir. Nə vaxt son nöqtə qoyulacaq, onu demirəm. Amma işlər davam edir. Bunu gecikmə kimi qəbul etmək düzgün deyil".
Deputat açıq şəkildə deyib ki, bu məsələdə hər kəsin öz maraqları var. Yəni dolayısı ilə demək istəyir ki, burada tərəflər var, Elm və Təhsil Nazirliyi, rektorlar buna imkan vermirlər. Yəni deputatın fikirlərindən belə qənaətə gəlmək olar ki, bu qanunun qəbul olmasına mane olan hal nazirliklə ali məktəb rəhbərləri arasındakı münasibətlərdir.
Bundan çıxış yolu nədən ibarətdir?
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov baki-xeber.com-a bildirdi ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun "Ali təhsil haqqında" Qanun layihəsinin hazırlanması prosesi və burada tərəflərin maraqlarının uzlaşdırılması barədə verdiyi açıqlama, əslində ölkəmiz üçün ali təhsil kimi strateji bir sahənin hüquqi-normativ qaydalarını müəyyən edən fundamental sənədin arxasındakı böyük məsuliyyəti əks etdirir. "Bir alim və təhsil eksperti olaraq qeyd etməliyəm ki, hörmətli Anar müəllimin vurğuladığı institusional maraqların toqquşması və tənzimləmə çətinlikləri tamamilə obyektiv reallıqdır. Lakin məsələyə daha geniş, akademik və strateji prizmadan yanaşdıqda, bu qanunun qəbulunun uzanmasını sadəcə bürokratik bir gecikmə deyil, ölkə təhsilinin qlobal çağırışlara adaptasiya olunması üçün gedən fundamental bir islahat mərhələsi kimi qiymətləndirmək lazımdır. Çünki müasir mərhələdə hazırlanan qanun sadəcə cari məsələləri həll etməklə kifayətlənməməli, bütövlükdə Dördüncü Sənaye İnqilabının gətirdiyi yeni reallıqları ehtiva etməli, ən azı növbəti bir neçə onilliyin təhsil ekosistemini, mühitini və strukturunu uğurla formalaşdırmağı bacarmalıdır".
İ.Orucov qeyd etdi ki, bu kontekstdə qanunvericilik prosesinin fundamental çətinliklərindən biri ali təhsil müəssisələrinin akademik, inzibati və maliyyə müstəqilliyi ilə dövlətin tənzimləmə və keyfiyyətə nəzarət mexanizmləri arasında optimal balansın tapılmasıdır. "Universitetlər müasir dünyanın tələblərinə uyğun olaraq daha çox sərbəstlik arzulayır, lakin dövlət vəsaitlərinin səmərəli idarə olunması və vahid milli təhsil standartlarının qorunması strategiyası bu azadlıqların hüquqi çərçivələrinin dəqiq cızılmasını tələb edir. Eyni zamanda, Azərbaycan beynəlxalq təhsil məkanının, xüsusilə Boloniya prosesinin ayrılmaz bir hissəsidir. Yeni qanun layihəsi elə bir çevik struktura malik olmalıdır ki, həm diplomların qlobal tanınması və tələbə mobilliyi təmin edilsin, həm də daxili əmək bazarının spesifik ehtiyacları və dövlətin milli-strateji maraqları tam qorunsun. Komitə sədrinin ölkəmizin beynəlxalq nüfuzuna və enerji diplomatiyasındakı uğurlarına istinad edərək "sıradan bir qanun hazırlaya bilmərik" deməsi məhz bu yüksək milli və beynəlxalq məsuliyyətdən irəli gəlir.
Digər tərəfdən, qlobal əmək bazarının çağırışları sürətlə dəyişir. Rəqəmsallaşmanın tədrisə inteqrasiyası, distant və hibrid təhsil modelləri, süni intellekt alətləri, eləcə də qısamüddətli mikrokreditləşmə proqramları artıq gələcəyin deyil, bu günün reallığıdır. Bir neçə il əvvəl mükəmməl görünən bir qanun layihəsi, bu gün rəqəmsal trendlərin sürəti qarşısında köhnəlmiş sayıla bilər. Odur ki, yeni hüquqi baza universitetlərimizin müasir səviyyədə inkişafına mütləq şəkildə zəmin yaratmalı, onların sadəcə kadr hazırlayan və bilik ötürən mərkəz statusundan çıxıb, əmək bazarında aktiv rol oynayan subyektlərə çevrilməsini təmin etmək üçün qanunvericilik şəraiti formalaşdırmalıdır. Sənəd innovasiya, müasir yüksək texnologiyalar və qlobal həllərə töhfə vermək imkanlarını genişləndirəcək funksionallıqlara hüquqi yollar açmalıdır. Bunun üçün isə mükəmməl bir elm-təhsil-sənaye əməkdaşlıq modelinin qurulması, universitetlərin elmi fəaliyyətinin və intellektual mülkiyyətinin kommersiyalaşdırılması, startapların və elmtutumlu istehsalat sahələrinin yaradılması üçün vergi, mülkiyyət və sahibkarlıq qanunvericiliyi ilə tam uyğunlaşma təmin olunmalıdır.
Yeni qanun həmçinin universitetlərin maliyyə dayanıqlığını təmin etmək məqsədilə xüsusi fondların, vençur kapitallarının və özəl investisiya mexanizmlərinin hüquqi legitimliyini təsbit etməlidir. Bu, ali təhsil müəssisələrinin dövlət büdcəsindən asılılığını azaldaraq, onları müstəqil elmi-tədqiqat mərkəzlərinə çevirəcəkdir. Eyni zamanda, sənəddə gənc alimlərə və tədqiqatçılara unikal hüquqi stimulların, o cümlədən elmi startaplarda pay sahibi olmaq hüququnun verilməsi ölkədə insan kapitalının qorunması və "beyin axınının" qarşısının alınması üçün strateji əhəmiyyət kəsb edir. Dördüncü Sənaye İnqilabının tələb etdiyi data analitikası, biotexnologiyalar və yaşıl enerji idarəetməsi kimi yeni nəsil peşələrə rəqəmsal keçidi sürətləndirmək üçün kurikulumların dövlət tərəfindən sərt tənzimlənməsi deyil, əmək bazarının çevik tələblərinə uyğun olaraq universitetlər tərəfindən sərbəst şəkildə adaptasiya edilməsi hüququ qanunvericilikdə öz əksini tapmalıdır.
Hesab edirəm ki, bütün bu mürəkkəb komponentləri nəzərə aldıqda, prosesi sadəcə ləngimə kimi yox, milli təhsilin gələcəyini təminat altına alan fundamental, genişmiqyaslı və konseptual hazırlıq mərhələsi kimi qəbul etmək akademik baxımdan ən doğru yanaşmadır. Anar müəllim deputat olmaqla yanaşı, həm də görkəmli elm xadimidir, professordur və bu qanunun qəbulunun vacibliyini, lakin yuxarıda toxunduğun məqamların da əhəmiyyətini daha dərindən dərk edir. Eyni zamanda elm və təhsil komitəsində kifayət qədər savadlı, müasir dünyanın təhsil və elm trendlərini bilən bir heyət fəaliyyət göstərir. Mən müvafiq çərçivə qanununun qəbulunun vacibliyini mətbuatda da dəfələrlə qeyd etmişəm. Fərqindəyəm ki, sahənin inkişafına töhfə verəcək, dönüş yaradacaq bir sənəd mükəmməl olmalıdır və məhz bu mükəmməllik arzusu komitə rəhbərliyinin və üzvlərinin də əsas hədəfidir. Dünyada gedən sürətli elmi-texnoloji yeniliklər bu cür çərçivə qanunlarını təbii ki, zamanla daha çevik dəyişikliklərə məruz qoyacaq. Lakin bu obyektiv reallıqlar bizə qanunun qəbulunda gecikmə üçün əsas verməməlidir. Fikrimcə, həm bu qanunun qəbulunun önəmini, həm də onun əhatə etdiyi sahənin strateji məsuliyyətini düzgün dərk edərək, peşəkar səviyyədə hazırlanmış müvafiq sənədin tezliklə ərsəyə gəlməsini və qəbulunu gerçəkləşdirməliyik"-deyə İ.Orucov vurğuladı.
İradə SARIYEVA