Aralıq dənizində görünməmiş ov - Ukrayna Rusiyanın hərbi gəmisini necə yaxaladı?
Bu əməliyyatın ən maraqlı tərəfi təkcə Rusiyanın hərbi korvetinin vurulması deyil, Ukrayna dəniz dronlarının minlərlə kilometr uzaqda, Aralıq dənizinin ortasında necə peyda olmasıdır. Çünki söhbət sahildən buraxılan və qısa məsafə qət edən dronlardan getmir. Burada, görünür, əvvəlcədən düşünülmüş, bir neçə mərhələdən ibarət mürəkkəb əməliyyat həyata keçirilib.
Təsəvvür etmək olar ki, hər şey Ukrayna sahillərindən çox uzaqda başlayıb. Dəniz dronlarını daşıyan, zahirən adi ticarət gəmilərindən fərqlənməyən bir gəmi Aralıq dənizinə doğru hərəkətə başlayır. Onun göyərtəsində xüsusi qurğularla yerləşdirilmiş pilotsuz katerlər var. Gəmi özünü adi kommersiya marşrutu ilə hərəkət edən nəqliyyat vasitəsi kimi göstərib, diqqət çəkməmək üçün müəyyən müddət əvvəlcədən seçilmiş ərazidə gözləyib.
Əsl mürəkkəblik isə hədəfin tapılmasında idi. "Merkuri" korveti təsadüfi bir yük gəmisi deyildi. O, Rusiyanın hərbi və ticarət daşımalarını müşayiət edir, özü də silahlı və müdafiə sistemləri ilə təchiz olunmuş hərbi gəmi idi. Deməli, Ukrayna tərəfi təkcə onun harada olduğunu deyil, hansı marşrutla hərəkət etdiyini, hansı limanlara daxil olduğunu, nə vaxt yanacaq və ehtiyat təminatı aldığını da müəyyənləşdirməli idi. Bu məlumatların toplanmasında peyk müşahidələrinin, elektron kəşfiyyatın, açıq mənbələrdəki gəmi hərəkəti məlumatlarının və digər kəşfiyyat vasitələrinin rol oynaması mümkündür.
Təsəvvür edin ki, Benqazi limanında Rusiya korveti özünü təhlükəsiz hesab edir. Ətrafında liman infrastrukturu, sahil müşahidə vasitələri, hərbi mühafizə var. Gəminin heyəti, ehtimal ki, uzaq döyüş bölgəsindən kənarda olduğunu düşünür. Lakin təhlükə artıq limanın yaxınlığındadır. Dəniz dronları ana gəmidən suya buraxılır və müxtəlif istiqamətlərdən hədəfə doğru irəliləyir. Onların kiçik ölçüləri, aşağı profili və pilotsuz olması müdafiə sistemlərinin işini çətinləşdirir. Hərbi korvetin üstünlüyü onun silahlanmasıdır, zəifliyi isə eyni anda bir neçə istiqamətdən yaxınlaşan kiçik və çətin görünən hədəflərə qarşı müdafiə olunmaq məcburiyyətidir.
Əgər hadisə Ukrayna tərəfinin açıqladığı kimi baş veribsə, deməli, əməliyyatın əsas uğuru yalnız dronların texniki imkanlarında deyil, onların Aralıq dənizinə çatdırılması, hədəfin uzun müddət izlənilməsi və hücumun ən uyğun anda həyata keçirilməsindədir. Burada ən böyük sual da budur: Ukrayna bu qədər uzaqda Rusiyanın hərbi gəmisinin hərəkətini necə izləyib və hücum vasitələrini həmin əraziyə necə çatdırıb?
Bu hadisə Rusiyaya bir mesaj da verir: hərbi gəmini Qara dənizdən uzağa aparmaq, onu başqa ölkənin limanında yerləşdirmək və ya ticarət gəmilərinin müşayiətinə cəlb etmək avtomatik təhlükəsizlik demək deyil. Müasir müharibədə cəbhə xətti artıq yalnız xəritədəki sərhədlərlə müəyyənləşmir. Bəzən minlərlə kilometr uzaqda, adi ticarət gəmisi təsiri bağışlayan bir platformadan buraxılan kiçik pilotsuz kater böyük hərbi gəmini hədəfə çevirə bilir.
Bəlkə də bu əməliyyatın ən maraqlı tərəfi budur: Ukrayna Rusiyanın hərbi gücünə təkcə onunla üz-üzə döyüş meydanında deyil, gözlənilməyən coğrafiyada və gözlənilməyən üsullarla zərbə vurmağa çalışır. Aralıq dənizindəki bu hadisə barədə bütün detallar hələ məlum deyil, amma təsdiqlənəcəyi təqdirdə, müasir dəniz müharibəsinin necə dəyişdiyini göstərən diqqətəlayiq nümunə olacaq.
Akif NƏSİRLİ