Azərbaycanlı QHT fəalı Sinan Nəcəfov Türkiyədə keçirilən COP31 konfransının nəticəsiz başa çatması və tədbir zamanı yaşanan gərginliklə bağlı Facebook hesabında diqqətçəkən paylaşım edib.
Mövzunun aktuallığını nəzərə alaraq, fəalın “Bizdən öyrənəcəkləri çox şey var. Bu da qonaq gəldiyin ölkədə zalı tərk etmək deyil ki, di verin cavabını görək verə bilirsiniz...” başlığı ilə paylaşdığı statusu olduğu kimi təqdim edirik:
- Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransının (COP31) bağlanış plenar iclasında Qananın Ətraf Mühit, Elm və Texnologiya naziri, həmçinin 54 Afrika ölkəsini təmsil edən Afrika Danışıqçılar Qrupuna (AGN) sədrlik edən Dr. Zanetor Agyeman-Rawlings ilə COP31-in prezidenti, Türkiyənin ətraf mühit naziri Murat Kurum arasında gərginlik yaşanıb.
Planlaşdırılmış vaxtdan təxminən 50 saat gecikmə ilə davam edən gərgin bağlanış iclasında Dr. Agyeman-Rawlings Afrika ölkələrinin yekun sənəd layihəsi ilə bağlı narazılıqlarını və bəyanatını səsləndirərkən onun mikrofonu söndürülüb və çıxışı yarıda kəsilib.
Eyni iclasda BMT-nin İqlim Dəyişmələri üzrə İcraçı Katibi Saymon Still (Simon Stiell) prosedurla bağlı məsləhət vermək üçün Murat Kuruma yaxınlaşdıqda, Kurum açıq mikrofon qarşısında ona "Saymon, yerinə əyləş" deyərək reaksiya verib.
Afrika nümayəndə heyətinin sədri cənab Amoah digər tərəflərə sərbəst danışmaq imkanı verildiyi halda, 54 ölkəni təmsil edən qrupun sözünün kəsilməsini "qəbuledilməz və hörmətsizlik" adlandıraraq etiraz edib. Yenidən söz alan Dr. Agyeman-Rawlings birbaşa COP31 prezidentinə müraciət edərək bunları bildirib: "Çıxışım zamanı şəxsən sizin tərəfinizdən kobud şəkildə sözüm kəsildi. Zati-aliləri, bu, bizim məruz qaldığımız hörmətsizliyin bariz nümunəsidir".
O, bu davranışın beynəlxalq çoxtərəfli danışıqlar (multilateralizm) ruhuna və iclasların davranış kodeksinə zidd olduğunu vurğulayıb. Konfransda iştirak etmək üçün uçuş biletlərini iki dəfə dəyişdiyini və qalma müddətini uzatdığını xatırladaraq, göstərilən münasibətin qəbuledilməz olduğunu deyib.
O, bəyanatında Afrika ölkələrinin sammitə "dilənməyə yox, haqqını tələb etməyə" gəldiyini, xüsusilə iqlim uyğunlaşması (adaptasiya) maliyyələşməsi və 2035-ci il hədəfləri üçün konkret yol xəritəsi və real vəsait tələb etdiklərini qeyd edib.
Qana və Afrika nümayəndə heyətinin rəsmi etirazından sonra Murat Kurum Dr. Agyeman-Rawlings-ə yaxınlaşaraq üzr istəyib. O, Qanaya və ya Afrika ölkələrinə qarşı hörmətsizlik etmək niyyətində olmadığını, bunun yalnız iclasın gedişatını tənzimləmək cəhdindən qaynaqlanan anlaşılmazlıq olduğunu bildirib və Türkiyə ilə Qana arasındakı qardaşlıq münasibətlərini vurğulayıb.
Dr. Agyeman-Rawlings beynəlxalq danışıqlarda fikir ayrılıqlarının qaçılmaz olduğunu qeyd edərək üzrxahlığı qəbul edib və tərəflər birgə foto çəkdiriblər.
Buna baxmayaraq, Dr. Agyeman-Rawlings COP31-in ümumi nəticəsini tənqid edərək, sammitin Afrika ölkələrinin əsas prioritetləri olan uyğunlaşma maliyyələşməsini təmin edə bilmədiyini və 2009-cu il Kopenhagen sammitindən bəri ilk dəfə BMT iqlim danışıqlarının yekun razılaşma olmadan başa çatdığını vurğulayıb.
Dr. Zanetor Agyeman-Rawlings qanalı həkim, siyasətçi və fəaldır.
Tibb diplomunu İrlandiya Kral Cərrahlar Kollecindən alıb.
Həmçinin Qana Silahlı Qüvvələrinin Komandanlıq və Qərargah Kollecindən müdafiə idarəçiliyi, eləcə də münaqişə və böhranların idarə olunması üzrə sertifikatlara malikdir.
Bundan əlavə, Kofi Annan Beynəlxalq Sülhməramlı Təlim Mərkəzindən (KAIPTC) Münaqişə, Sülh və Təhlükəsizlik (EMCPS) sahəsində magistr sertifikatı var.
O, həmçinin London İqtisadiyyat Məktəbindən Qadın, Sülh və Təhlükəsizlik, KAIPTC-dən isə Sülhə Dəstək Əməliyyatlarında Siyasi Müşavir və Seçki Müşahidəçisi sertifikatlarına sahibdir.
Eyni zamanda Qana Silahlı Qüvvələrinin Komandanlıq və Qərargah Kollecindən Terrorizmlə Mübarizə və Əldəqayırma Partlayıcı Qurğularla Mübarizə üzrə sertifikatı da var.
P.S. X-də bu hadisə geniş müzakirə olunur. Türkiyədən olan bir nəfərin belə Qana təmsilçisinin hərəkətlərini tənqid etdiyini görməmişəm.
ZÜMRÜD