Rusiya enerji atəşkəsinin təsdiqlənməsi müqabilində ABŞ-dan sanksiyaların ləğvini tələb edir. Danışıqlarla tanış olan Amerika və Ukrayna rəsmilərinin sözlərinə görə, Rusiya qarşılıqlı enerji hücumlarına mümkün son qoyulması ilə bağlı danışıqların bir hissəsi olaraq ABŞ-dan sanksiyaların qaldırılmasını istəyir və eyni zamanda bu təşəbbüsü Qara dənizdə atəşkəslə əlaqələndirməyə çalışır.
“Kyiv İndependent” qəzeti yazır ki, bu tələblər Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını gücləndirməsi fonunda irəli sürülüb.
Baxmayaraq ki, Moskva ictimaiyyət qarşısında enerji atəşkəsinə o qədər də hazır olmadığını göstərib. Xüsusilə, Putinin sözçüsü Peskov 8 oktyabrda Rusiyanın sektoral barışıq danışıqlarının mənasız olduğunu bildirib. O, bildirib ki, hazırda Kiyev uzunmüddətli razılaşma deyil, “Axilles dabanı” olan ərazidə - enerji sektorunda atəşkəs təklif edir.
Eyni zamanda, bir amerikalı və iki ukraynalı rəsminin sözlərinə görə, Rusiya tərəfi şəxsi söhbətlərdə Moskvanın bu təşəbbüsü nəzərdən keçirməyə hazır olduğunu açıq şəkildə bildirir, lakin mümkün razılaşmanı digər tələblərlə, xüsusən də sanksiyaların ləğvi ilə əlaqələndirir.
ABŞ prezidenti Donald Tramp ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl müharibənin həllində irəliləyiş nümayiş etdirməkdə maraqlıdır. ABŞ həm Kiyevə, həm də Moskvaya bir-birinin enerji infrastrukturuna hücumu dayandırmaq üçün təzyiq göstərir və enerji atəşkəsini sülh danışıqlarının əsas məsələlərindən biri hesab edir. Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner Rusiyaya son səfərlərindən sonra enerji atəşkəsinin mümkün olduğu təəssüratı ilə geri dönüblər.
Rusiya hökmdarının nümayəndəsi Kirill Dmitriyev sentyabr ayında iki dəfə ABŞ-a səfər edərək Uitkoff və Kuşnerlə görüşlər keçirib və görüşlər zamanı enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı müzakirələr aparılıb. Ukrayna və Amerika mənbələrinin sözlərinə görə, bu görüşlər zamanı Dmitriyev Trampın elçilərinə Rusiyanın razılaşmanın bir hissəsi olaraq sanksiyaların qaldırılmasını istədiyini bildirib. Ancaq Moskvanın hansı sanksiyaları ləğv etmək istədiyi hələ də bəlli deyil. Avropalı diplomatlardan birinin sözlərinə görə, Rusiya razılaşmanın bir hissəsi olaraq dondurulmuş aktivlərinin açılmasını istəyə bilər.
"Əgər onlar sanksiya tətbiq edilən vəsaitlərin dondurulmasını aradan qaldıra bilsələr... bu vəsaitlərin müharibənin şiddətlənməsi üçün istifadə olunma ehtimalı demək olar ki, təmin edilmiş olacaq... Heç kim atəşkəsə səmimi şəkildə riayət etməyə sadiq olduqlarına inanmır" – deyə diplomat qeyd edib.
Tahir TAĞIYEV