Turan Rzayev: “Çünki müharibənin başa çatması hərbi gücə ehtiyacı aradan qaldırmır”
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib ki, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır:
“Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Turan Rzayev hesab edir ki, Prezident Əliyevin hərbi gücün artırılmasını əsas vəzifələrdən biri kimi göstərməsi təsadüfi deyil: “Xüsusilə Azərbaycan 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatlarından sonra regionda yeni reallıq formalaşdırıb. Bu gün real müharibə vəziyyəti və ya regionda hərbi əməliyatlar yoxdur. Lakin Azərbaycan gələcəkdə mümkün təhdidlərə qarşı hazırlıqlı olmalıdır. Fikrimcə, Prezidentin fikrində diqqət çəkən əsas məqam, “Bu, həmişə lazımdır, hər bir ölkə üçün”, – deməsidir. Yəni söhbət konkret olaraq mövcud münaqişənin yenidən başlaması ehtimalından getmir. Əksinə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, müharibənin başa çatması hərbi gücə ehtiyacı aradan qaldırmır. Çünki regionda siyasi vəziyyət dəyişə, yeni təhlükələr və yeni güc balansları yarana bilər. Digər tərəfdən, Azərbaycanın keçmişdə ərazi bütövlüyü ilə bağlı yaşadığı proseslər də bu yanaşmanın əsas səbəblərindən biridir. Prezidentin “xalqımız bu faciə ilə üzləşib” ifadəsi təsadüfi seçilməyib. Burada əsas mesaj ondan ibarətdir ki, Azərbaycan bir daha zəif vəziyyətə düşərək başqalarının qərarlarından asılı qalmaq istəmir. Bu açıqlamanın başqa bir tərəfi də regiondakı güc balansı ilə bağlıdır. Azərbaycan hərbi imkanlarını artırmaqla təkcə mümkün müharibəyə hazırlaşmır. Eyni zamanda öz təhlükəsizliyini və siyasi manevr imkanlarını qorumağa çalışır. Çünki beynəlxalq münasibətlərdə hərbi güc dövlətin xarici siyasətdə çəkisini müəyyən edən əsas amillərdən biridir”.
Vidadi ORDAHALLI