"Fikrimcə, məktəbli formasına münasibətə yalnız geyim qaydalarına riayət çərçivəsində yanaşmaq düzgün olmazdı. Bu məsələ, eyni zamanda, məktəbdə formalaşan ümumi davranış mədəniyyəti, intizam və qarşılıqlı hörmət prinsipləri ilə sıx bağlıdır. Məktəb uşağın dünyagörüşünün formalaşdığı, onun cəmiyyət içərisində davranış qaydalarını mənimsədiyi ilk mühüm ictimai mühitlərdən biridir. Bu baxımdan, məktəbdə müəyyən edilmiş qaydalara əməl etmək vərdişinin aşılanması tərbiyə prosesinin vacib istiqamətlərindən sayılmalıdır".
Bu fikirləri baki-xeber.com-a Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi professor Ceyran Mahmudova bildirib.
C. Mahmudovanın fikrincə, vahid məktəbli forması şagirdlər arasında zahiri fərqlərin ön plana çıxmasını məhdudlaşdırır, diqqətin geyimdən daha çox təhsilə, biliyə və şəxsi keyfiyyətlərə yönəlməsinə imkan yaradır.
"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir və ümumi məsuliyyət anlayışını formalaşdırır. Əlbəttə, məktəbdə bərabərlik yalnız forma ilə təmin edilmir. Bunun üçün hər bir uşağa hörmətlə yanaşılması, onun imkanlarından və sosial vəziyyətindən asılı olmayaraq, özünü təhsil mühitinin bərabərhüquqlu üzvü hiss etməsi də vacibdir.
Məncə, məktəbli formasına riayət etmək şagirdin intizamının göstəricilərindən biri olmaqla yanaşı, onun qaydalara münasibətini də ifadə edir. Lakin uşaqlardan bu tələblərə əməl etməyi istəyərkən onlara bunun səbəbini izah etmək, qaydaların mahiyyətini anlatmaq lazımdır. Təkcə tələb irəli sürməklə deyil, düzgün yanaşma və nümunə göstərməklə daha davamlı nəticə əldə etmək mümkündür". C. Mahmudova vurğuladı ki, mədəniyyət anlayışı insanın özünü cəmiyyətdə necə aparmasından, başqalarına münasibətindən və ümumi dəyərlərə hörmətindən ayrılmazdır. "Məktəbli formasına riayət də bu mədəniyyətin müəyyən bir hissəsidir. Əsas məqsəd uşaqlarda zahiri intizamla yanaşı, daxili məsuliyyət hissini formalaşdırmaqdır. Çünki qaydalara şüurlu şəkildə əməl edən, başqalarının hüquqlarına hörmətlə yanaşan şagird gələcəkdə də cəmiyyət qarşısında öz məsuliyyətini daha yaxşı dərk edəcək"-deyə rektor bildirdi.
İradə SARIYEVA