Tramp administrasiyasının Rusiyaya qarşı sanksiya siyasətində atdığı addımlar Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik səylərdə yeni gərginliyə səbəb olub. Məlumatlara görə, Mayamidə Ukrayna və Avropa nümayəndələri ilə Trampın komandası arasında keçirilən danışıqlar nəzərdə tutulan vaxtdan əvvəl başa çatıb. Buna səbəb kimi ABŞ-nin Rusiya dizelinə tətbiq etdiyi sanksiyaları aradan qaldırması göstərilir. Ukrayna tərəfi bu qərarı Moskvanın iqtisadi imkanlarını artıran və müharibənin davam etməsinə şərait yaradan addım kimi qiymətləndirir. Prezident Volodimir Zelenski də Trampın bu qərarını Putinə hədiyyə adlandıraraq onun sülhə deyil, müharibənin maliyyələşdirilməsinə xidmət etdiyini bildirib.
Tramp administrasiyasının Rusiyaya qarşı enerji sanksiyalarını yumşaltması Ukrayna ilə ABŞ arasında etimad böhranını dərinləşdirə və Avropanın Vaşinqtonun sülh təşəbbüslərinə münasibətini dəyişə bilərmi? Bu addım Rusiya-Ukrayna müharibəsinin dayandırılması perspektivlərinə necə təsir göstərə bilər?
ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı sanksiyaların aprelin 7-dək yumşaldılması barədə qərarı Rusiya-Ukrayna müharibəsinin gələcək gedişi, Qərbin Moskvaya qarşı təzyiq siyasəti və Avropa ilə ABŞ arasındakı münasibətlər baxımından mübahisələrə səbəb olub. Belə bir addımın enerji bazarında sabitliyin qorunmasına xidmət edə biləcəyi ehtimal edilsə də, Rusiyanın əlavə maliyyə imkanları əldə etməsi Ukraynaya qarşı müharibəni davam etdirmək imkanlarını da genişləndirə bilər.
Oqtay Qasımov: "Bu qərar Rusiyanı iştahlandıracaq və onun aqressiyasını artıracaq"
Politoloq Oqtay Qasımov məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Trampın bu qərarı ilk növbədə Ukraynanın maraqlarına uyğun deyil və müharibənin dayandırılmasına müsbət təsir göstərməsi inandırıcı görünmür.
Onun sözlərinə görə, sanksiyaların yumşaldılması Rusiyaya əlavə maliyyə imkanları qazandırmaqla yanaşı, Moskvanın hərbi əməliyyatları davam etdirmək potensialını da artıra bilər. Bu isə müharibənin dayandırılması üçün siyasi və iqtisadi təzyiqlərin gücləndirilməsinə ehtiyac olduğu bir vaxtda əks nəticə doğura bilər.
Politoloq hesab edir ki, belə bir qərar Ukrayna ilə ABŞ arasında münasibətlərdə gərginlik yarada, eyni zamanda Avropa ölkələrinin Rusiyaya qarşı həyata keçirdiyi təzyiq siyasətinə mənfi təsir göstərə bilər. Çünki Avropanın əsas yanaşmalarından biri Moskvanın müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmaqdır. Sanksiyaların yumşaldılması isə bu strategiyanın effektivliyi ilə bağlı suallar yaradır.
Oqtay Qasımovun fikrincə, Donald Tramp bu qərarı qəbul edərkən, əsasən, iki məqsədi nəzərə alır. Birinci məqsəd aralıq seçkilərinə qədər Rusiya ilə münasibətlərdə müəyyən normallaşmaya nail olmaqdır. Tramp administrasiyası Moskva ilə münasibətlərdə irəliləyiş əldə etməklə beynəlxalq siyasətdə diplomatik uğur nümayiş etdirməyə çalışa bilər. Bu, eyni zamanda, müharibənin başa çatdırılması istiqamətində nəticə əldə edildiyi barədə siyasi mesaj vermək imkanları da yaradır.
İkinci məqsəd isə neft və yanacaq bazarında vəziyyəti nisbətən sabitləşdirməkdir. Enerji daşıyıcılarının qiymətlərində artım ABŞ-da inflyasiya təzyiqlərini gücləndirə, istehlakçıların xərclərini artıra və hakimiyyətin iqtisadi siyasətinə münasibətə təsir göstərə bilər. Bu baxımdan enerji bazarında qiymətlərin sabitləşdirilməsi Tramp üçün daxili siyasi əhəmiyyət daşıyır. Politoloqun qənaətinə görə, ABŞ prezidentinin qərarı aralıq seçkiləri ərəfəsində həm xarici siyasətdə, həm də iqtisadi sahədə müəyyən üstünlük əldə etmək niyyəti ilə bağlıdır.
Bununla belə, Qasımov vurğulayır ki, Trampın daxili siyasi və iqtisadi maraqlarına uyğun görünən bu addım ABŞ-ın Avropa və Ukrayna ilə münasibətlərində əlavə problemlər yarada bilər. Vaşinqtonun Moskva ilə münasibətləri yumşaltmağa çalışması Kiyevdə müharibənin davam etdiyi şəraitdə Rusiyaya güzəşt kimi qiymətləndirilə bilər. Avropa paytaxtlarında da bu cür qərarların Qərbin vahid mövqeyini zəiflədə biləcəyi ilə bağlı narahatlıq yarana bilər.
Politoloq hesab edir ki, sanksiyaların yumşaldılması Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına müsbət təsir göstərməyəcək. Əksinə, Moskvanın əlavə maliyyə resursları əldə etməsi onun mövqeyini daha da sərtləşdirməsinə və hərbi əməliyyatları davam etdirməsinə şərait yarada bilər. Bu halda Trampın enerji bazarını sabitləşdirmək və Rusiya ilə münasibətləri normallaşdırmaq məqsədilə atdığı addım müharibənin başa çatdırılması istiqamətində gözlənilən nəticəni verməyə bilər.
Beləliklə, sanksiyaların yumşaldılması qərarı ABŞ üçün qısamüddətli iqtisadi və siyasi dividendlər vəd etsə də, onun geosiyasi nəticələri daha mürəkkəb ola bilər. Əsas məsələ bu addımın Moskvanı danışıqlara həvəsləndirib-həvəsləndirməyəcəyi, yoxsa Rusiyanın hərbi və iqtisadi imkanlarını artıraraq müharibənin uzanmasına şərait yaradacağıdır. Oqtay Qasımovun mövqeyinə görə, ikinci ssenarinin reallaşması ehtimalı daha yüksəkdir.
Dəniz NƏSİRLİ