Bəhruz Quliyev: "Məsələ ondadır ki, siyasi hakimiyyətin imkanlarından və məsuliyyətindən yararlanan şəxslərin siyasi mövqeyi ilə onların partiya mənsubiyyəti arasındakı münasibət aydın başa düşülməlidir"
Azərbaycan hökumətində təmsil olunan 6-7 naziri çıxmaq şərtilə qalan mütləq çoxluq heç biri Yeni Azərbaycan Partiyasının (YAP) üzvü deyil. Yəni əksər nazirlər YAP üzvü deyil. Təbii ki, bəzi sfesifik sahə nazirliklər, agentliklər, xidmətlər var ki, onların rəhbərlərinin YAP üzvü olmasına qanun, konstitusiya da imkan vermir. Qanunla onlar partiya üzvü ola bilməzlər. Amma elə nazirliklər də var ki, onların rəhbərləri YAP üzvü olmaqlarına heç bir maneə yoxdur. Gəncləri təmsil edən nazirlərin mütləq əksəriyyəti YAP-ın üzvü deyil.
O nazirlər, qurum rəhbərləri niyə YAP üzvü olmaq istəmirlər? Özləri istəmirlər, yaxud da nəsə başqa səbəb var? Hakim partiyanın məsuliyyətini öz üzərlərinə götürmək istəmirlər?
"Dövlət idarəçiliyində yüksək vəzifə tutmaq üçün Yeni Azərbaycan Partiyasının üzvü olmaq məcburi deyil və partiya üzvlüyü hər bir şəxsin könüllü siyasi seçimidir. Bu prinsipə hörmətlə yanaşmaq vacibdir. Lakin könüllülük prinsipi hakimiyyətin siyasi məsuliyyəti ilə bağlı müzakirələri də istisna etmir." Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, xüsusilə, YAP üzvlüyünə hüquqi maneə olmayan sahələrdə fəaliyyət göstərən nazirlərin, o cümlədən gənc nəslin nümayəndələrinin partiya sıralarında təmsil olunmaması siyasi baxımdan diqqətçəkən məqamdır. Çünki hakimiyyətin həyata keçirdiyi siyasətin icrasında iştirak etmək və bu siyasətə görə məsuliyyət daşımaqla həmin siyasətin siyasi dayağı olan partiyaya münasibət arasında müəyyən əlaqə mövcuddur. Burada məsələ nazirlərin mütləq YAP-a üzv olması deyil. Məsələ ondadır ki, siyasi hakimiyyətin imkanlarından və məsuliyyətindən yararlanan şəxslərin siyasi mövqeyi ilə onların partiya mənsubiyyəti arasındakı münasibət aydın başa düşülməlidir. Partiyaya üzv olmamaq şəxsi seçimdir və öz-özlüyündə siyasi məsuliyyətdən yayınmaq anlamına gəlmir.
Eyni zamanda, partiyasızlıq dövlət siyasətinin siyasi məsuliyyətindən kənarda qalmaq vasitəsinə də çevrilməməlidir. "Düşünürəm ki, YAP üzvlüyü könüllü olmalıdır, amma siyasi məsuliyyət məsələsi də prinsipial şəkildə qoyulmalıdır. Dövlət vəzifəsi peşəkarlıq və qanun qarşısında məsuliyyət tələb etdiyi kimi, həyata keçirilən siyasətin ictimai nəticələrinə görə hesabatlılığı da nəzərdə tutur. Buna görə də müzakirənin mərkəzində partiya üzvlüyünün məcburiliyi deyil, siyasi mövqe, məsuliyyət və ictimai hesabatlılıq dayanmalıdır." - deyə, B.Quliyev əlavə edib.
İradə SARIYEVA