Elşad Həsənov: “Azərbaycanın rəhbərliyi inteqrasiya əlaqələrini daha səmərəli səviyyəyə qaldıracaq”
2028-ci ildə isə müstəqillik tarixində ilk dəfə olaraq təşkilata əsas sədrlik funksiyasını öz üzərinə götürəcək. MDB çərçivəsində sədrlik 2027-ci ildə Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək.
MDB qaydalarına əsasən, növbəti ilin sədri və əvvəlki ilin sədri cari sədrə kömək edərək "sədrlik üçlüyünü" (həmsədrlik mexanizmini) formalaşdırır. Hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan MDB-nin sədrlik üçlüyünü formalaşdırır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə MDB-yə sədrlik edəcək. Əvvəlki illərdə Ermənistan–Azərbaycan münaqişəsi ölkəmizin bu funksiyanı üzərinə götürməsinə mane olan əsas amillərdən biri olub.
Ümumiyyətlə, MDB sədri olmaq, qurumun rəhbərliyində vəzifə tutmaq qarşıdakı iki ildə Azərbaycana nə verəcək?
Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Azərbaycan ilk dəfə MDB-yə rəhbərlik edəcək: “Azərbaycan MDB-yə 24 sentyabr 1993-cü il tarixində qoşulub. Azərbaycan 21 dekabr 1991-ci ildə Alma-Ata Bəyannaməsini imzalayaraq MDB-yə qoşulmaq niyyətini bildirsə də, parlament bu sənədi dərhal ratifikasiya etməyib. Azərbaycan Milli Məclisi MDB-yə üzvlük haqqında qərarı 24 sentyabr 1993-cü ildə rəsmi olaraq ratifikasiya etdi və ölkə qurumun tam hüquqlu üzvünə çevrildi. Azərbaycan MDB çərçivəsində fəaliyyət göstərərkən hər zaman öz milli maraqlarını rəhbər tutur. Hazırda bu birlikdə 9 dövlət təmsil olunur. Müstəqillik qazanıldıqdan bəri Azərbaycanın ilk dəfə MDB sədrliyini öz üzərinə götürməsi dərin tarixi və siyasi mənaya malikdir. Keçmişdə Ermənistanın işğalçılıq siyasəti, davam edən münaqişə və digər maneələr Azərbaycanın bu missiyanı icra etməsinə imkan vermirdi. Lakin arıq reallılar dəyişib və Azərbaycan qalib. Azərbaycanın MDB ilə tərəfdaşlıq tarixi otuz ildən artıq bir dövrü əhatə edir və bu münasibətlər hər zaman milli suverenlik, bərabərhüquqlu dialoq və praqmatik iqtisadi maraqlar üzərində köklənib. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarının strateji qovşağında yerləşən Azərbaycan özünün müasir infrastruktur potensialı ilə MDB məkanının logistik imkanlarını ardıcıl olaraq genişləndirir. Azərbaycan hansı quruma rəhbərik edibsə, bu. Uğurlu olub. Azərbaycanın MDB-yə rəhbərliyi təşkilatın işində yeni bir mərhələ olacaq. Çünki Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, həm də Mərkəzi Asiya ölkələri üçün böyük əhəmiyyətə malikdir. O baxımdan Azərbaycanın rəhbərliyi inteqrasiya əlaqələrini daha səmərəli səviyyəyə qaldıracaq. Bu da ölkəmizin beynəlxalq nüfuzun bir qədər də artırcaq”.
Vidadi ORDAHALLI