Azərbaycanın türk və İslam aləminin güclənməsinə müstəsna töhfələri dünya miqyasında qəbul olunur. Ölkə proseslərə milli və ümumi maraqlardan yanaşır. Amma təəssüf ki, tərəfdaşlarımızın hamısında heç də həmişə eyni yanaşma sərgilənmir. Məsələn, Yaxın Şərqdə baş verən hadisələr bir həqiqəti yenidən ortaya qoyur: xarici siyasət dini emosiyaların, təriqət bağlılığının və ideoloji rəğbətlərin əsirinə çevrildikdə dövlətlərin strateji maraqları arxa plana keçir. Beynəlxalq münasibətlərdə dostluq və düşmənçilik dini şüarlar əsasında deyil, dövlətlərin təhlükəsizliyi, suverenliyi, iqtisadi imkanları və uzunmüddətli milli maraqları əsasında müəyyən edilməlidir. Bu prinsip Türkiyə üçün də həyati əhəmiyyət daşıyır.
Türkiyə böyük dövlətçilik ənənələrinə, güclü orduya, geniş diplomatik imkanlara və mürəkkəb regional proseslərə təsir göstərmək potensialına malik ölkədir. Lakin bu imkanların səmərəli istifadəsi üçün xarici siyasətin ayrı-ayrı dini çevrələrin emosional çağırışlarına deyil, dövlət ağlına və strateji hesablamalara əsaslanması vacibdir. Çünki milli maraqların yerini ideoloji sədaqət tutduqda bunun nəticələrini yalnız rəqiblər deyil, ilk növbədə həmin dövlətin özü hiss edir. Məlumdur ki, İsrail-Fələstin münaqişəsi müsəlman dünyasının ən ağrılı problemlərindən biridir. Fələstin xalqının hüquqlarını müdafiə etmək, mülki əhalinin təhlükəsizliyini tələb etmək, Qəzzada humanitar fəlakətin qarşısının alınmasına çalışmaq mənəvi və siyasi baxımdan legitim mövqedir. Türkiyə cəmiyyəti də bu məsələyə tarixən yüksək həssaslıq göstərib. Ancaq əsas sual başqadır: Fələstin məsələsinə münasibət hansı prinsiplərlə formalaşır və bu münasibət başqa dövlətlərin suveren hüquqlarına hörmətlə nə dərəcədə uzlaşır?
Bəzi dini və ideoloji çevrələrin Yaxın Şərq hadisələrinə münasibətində seçicilik müşahidə olunur. Onlar öz dünyagörüşlərinə uyğun hesab etdikləri qüvvələrin addımlarına emosional dəstək verir, lakin eyni hadisələrin başqa dövlətlərə və xalqlara təsirini nəzərə almaqda ardıcıl davranmırlar. Daha ciddi problem isə Fələstinə dəstək şüarının Azərbaycanın müstəqil xarici siyasətini mühakimə etmək üçün vasitəyə çevrilməsidir. Fələstin xalqının hüquqlarını müdafiə etmək Azərbaycanın başqa dövlətlərlə münasibətlərini diktə etmək hüququ vermir. Hər bir ölkə beynəlxalq münasibətlərdə öz təhlükəsizlik mühitini, iqtisadi əlaqələrini, diplomatik imkanlarını və milli prioritetlərini nəzərə alaraq qərar verməlidir. Azərbaycan da istisna deyil. Ölkəmiz emosiyalar yox, siyasət prinsipləri ilə hərəkət edir. Fələstinə isə yeri gələndə Ttürkiyədən çox yardım edir. Azərbaycanın hansı dövlətlə əməkdaşlıq etməsi, hansı beynəlxalq təşəbbüsü dəstəkləməsi və hansı diplomatik mövqe tutması barədə qərarlar xarici ölkələrdəki dini qrupların tələbləri ilə müəyyən edilə bilməz. Eyni zamanda, Azərbaycanın siyasətini tənqid etmək hüququ ilə onun suveren qərarlarını diktə etmək iddiası arasında aydın sərhəd var. Azərbaycanın milli maraqlarını müdafiə edən siyasət avtomatik olaraq hansısa başqa xalqın və ya dövlətin düşmənçiliyi demək deyil. Diplomatiya mürəkkəb seçimlər və bəzən ziddiyyətli maraqlar arasında tarazlıq tələb edir. Bir dövlətlə münasibətlərin inkişaf etdirilməsi başqa bir məsələdə həmin dövlətin bütün mövqelərinin qəbul edilməsi anlamına gəlmir. Buna görə də Azərbaycanı yalnız dini və ideoloji meyarlarla qiymətləndirən, onun müstəqil qərarlarını xəyanət kimi təqdim edən yanaşmalar ciddi tənqidə layiqdir. Milli maraqların qorunması xəyanət deyil; dövlətçiliyin əsas vəzifəsidir. Bununla belə, milli maraqların müdafiəsi də faktlara, hüquqi prinsiplərə və ardıcıl meyarlara əsaslanmalıdır. Faktdır ki, Türkiyə-Azərbaycan münasibətləri sadəcə tarixi yaxınlıq və mədəni bağlılıq üzərində qurulmayıb. Bu münasibətlər təhlükəsizlik, müdafiə, enerji, nəqliyyat və regional sabitlik baxımından konkret strateji əhəmiyyət daşıyır. 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasındakı müttəfiqlik münasibətlərini rəsmiləşdirib. Sənəddə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı və xarici siyasətin əlaqələndirilməsi kimi prinsiplər xüsusi yer tutur. Bu sənədin siyasi məntiqi aydındır: Türkiyə və Azərbaycan bir-birinin müstəqilliyinə və təhlükəsizliyinə hörmət etməklə regional mövqelərini gücləndirirlər. Deməli, Türkiyənin milli maraqlarını düşünən hər kəs güclü, sabit və müstəqil Azərbaycanın əhəmiyyətini də nəzərə almalıdır. Azərbaycanın enerji infrastrukturu, Xəzər hövzəsindəki mövqeyi, Orta Asiya ilə əlaqələri və Şərq-Qərb nəqliyyat marşrutlarındakı rolu Türkiyə üçün mühüm imkanlar yaradır. Eyni zamanda, Azərbaycan Türkiyənin regional və beynəlxalq mövqeyinin möhkəmlənməsinə töhfə verir. Bu münasibətlərin davamlılığı tərəflərdən birinin digərinin iradəsinə tabe olmasını deyil, qarşılıqlı etimadı və müstəqil qərarvermə hüququnun tanınmasını tələb edir. Türkiyədəki bəzi ideoloji çevrələrin Azərbaycanı öz dini-siyasi baxışlarına uyğun davranmağa çağırması bu baxımdan ziddiyyətli yanaşmadır. Bir tərəfdən, qardaşlıq və müttəfiqlikdən danışmaq, digər tərəfdən isə Azərbaycanın müstəqil siyasətini qəbul etməmək mümkün deyil. Həqiqi müttəfiqlik yalnız ortaq şüarlarla deyil, çətin məqamlarda bir-birinin suveren hüquqlarına hörmətlə ölçülür.
İslam həmrəyliyindən danışan Türkiyə bəzən onu parçalayır. Məsələn, Məkkə sazişi buna misaldır. 2026-cı ildə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində əməkdaşlığın institusional inkişafı regional təhlükəsizlik arxitekturası baxımından mühüm hadisədir. Avqustun 31-də İstanbulda keçirilən görüşdə tərəflər müdafiə əməkdaşlığının gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və regional sabitliyin təmin olunması istiqamətində addımları müzakirə ediblər. Halbuki, bu saziş daha çox İranın zəiflədilməsinə yönəlib. Nədənsə, İsrailə qarşı Türkiyə belə mexanzimin yaranmasına iştirak etmir. İranla münasibətlərin gələcək istiqaməti isə bu mexanizmin regional siyasi mənzərəyə təsirini müəyyən edən əsas məsələlərdən biri olacaq. Türkiyə üçün əsas sınaq təhlükəsizlik əməkdaşlığını ideoloji qarşıdurmanın alətinə çevirmədən milli maraqlarını qorumaqdır. Ankara İranla rəqabət apardığı məsələlərdə öz təhlükəsizlik prioritetlərini müdafiə edə bilər, lakin bunun bütün regionda yeni düşmənçilik cəbhələrinin yaranmasına gətirib çıxarması Türkiyənin maraqlarına uyğun olmaya bilər. İsrail-Fələstin münaqişəsi ətrafında emosional çağırışlar, kütləvi bəyanatlar və siyasi şüarlar çoxdur. Ancaq dövlət siyasətinin səmərəliliyi ritorikanın sərtliyi ilə deyil, əldə edilən nəticələrlə ölçülür. Mülki əhalinin qorunması, humanitar yardımın çatdırılması, beynəlxalq hüququn tətbiqi və davamlı siyasi həll istiqamətində hansı konkret addımların atıldığı əsas meyar olmalıdır. Eyni meyar dini-siyasi çevrələrə də şamil edilməlidir. Əgər hansısa qrup müəyyən münaqişədə yüksək səslə mövqe nümayiş etdirirsə, onun digər böhranlarda hansı prinsiplərə əsaslandığı da qiymətləndirilə bilər. Türkiyənin təriqətlərində isə bu müşahidə olunmur. Ölkədə belə təriqətlər İsrailə qarşı danışsalar da, əməldə həmin ölkə rəhbərliyini mühakimə edən heç bir addım atmılrlar. Dini dəyərlər insanların mənəvi həyatında mühüm yer tuta bilər. Ancaq dini mənsubiyyət xarici siyasətdə toxunulmaz siyasi səlahiyyət yaratmır. Heç bir təriqət öz ideoloji baxışını dövlətin milli maraqlarından üstün tutmaq hüququna malik deyil. Təriqətlərin və ideoloji qrupların xarici siyasətə təsiri dövlətin strateji hesablamalarını əvəz etdikdə nəticə Türkiyənin özünün zəifləməsi ola bilər. Türkiyənin milli təhlükəsizliyi güclü və sabit Azərbaycandan faydalanır. Azərbaycanın təhlükəsizliyi də Türkiyə ilə etibarlı müttəfiqlikdən əlavə güc alır. Bu qarşılıqlı asılılıq tərəflərin bir-birinin qərarlarını diktə etməsini deyil, ortaq maraqları qoruyaraq fərqli diplomatik seçimlərə hörmət göstərməsini tələb edir. Əsl dövlətçilik dini və ideoloji şüarları təkrarlamaqdan daha çətin bir məsuliyyətdir: emosiyaları idarə etmək, maraqları düzgün müəyyənləşdirmək və gələcək nəsillərin təhlükəsizliyini düşünmək. Türkiyənin də, Azərbaycanın da strateji uğuru məhz bu prinsiplərin qorunmasından keçir. Azərbaycan buna əməl etsə də, qarşı tərəflə bağlı heç də həmişə bunu demək olmur.
Tahir TAĞIYEV