Xəzər dənizində (Mangistau vilayəti) keçirilən hərbi-dəniz təlimləri zamanı Qazaxıstanın 12 hərbi qulluqçusu həlak olub. Bu barədə məlumatı cümə axşamı, sentyabrın 24-də vilayət administrasiyası özünün "Telegram" kanalında yayıb. Hava şəraitinin qəfil pisləşməsi və küləyin güclənməsi nəticəsində 17 nəfər dənizə düşüb, onlardan yalnız üçü xilas edilib, iki nəfərin axtarışları davam edir. Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevin sədrliyi ilə hökumət komissiyasının iclası keçirilib. Daxili işlər nazirinin müavini Sanjar Adilov bildirib ki, "ağır nəticələrə səbəb olan xidməti vəzifələrə səhlənkar yanaşma" və "gəmiçilik qaydalarının pozulması" faktları üzrə cinayət işi açılıb. Məsul şəxslərin müəyyən edilməsi məqsədilə istintaq-axtarış tədbirləri, eləcə də məhkəmə-tibbi ekspertizalar aparılır. Rəsmi qurumlar həlak olanların ailələrinə sosial və maddi dəstək göstəriləcəyini bildiriblər. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 25-ni milli matəm günü elan edib.
Qeyd edək ki, "Xəzər Müdafiəsi 2026" təlimləri sentyabrın 22-dən etibarən keçirilir. Manevrlərdə 500-dən çox hərbi qulluqçu, o cümlədən döyüş gəmilərinin heyətləri, sahil bölmələri, həmçinin Sərhəd Xidmətinin Sahil Mühafizəsi (Milli Təhlükəsizlik Komitəsi, Mangistau vilayəti) və Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvələri iştirak edir. Təlimlərin məqsədi döyüş hazırlığını və qoşun növləri arasında qarşılıqlı əlaqəni gücləndirməkdir.
SAMİRƏ