Prezident İlham Əliyev sentyabrın 29-da FIFA prezidenti Canni İnfantinonu qəbul edib. Görüşdə Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı, FIFA ilə əməkdaşlıq və gələcək layihələr müzakirə olunub. Tərəflər Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi U-15 dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatına hazırlıq işlərini müzakirə ediblər. Bu tədbirlərin Azərbaycanda və regionda futbolun inkişafına töhfə verəcəyi vurğulanıb. Görüşdə AFFA-nın FIFA ilə əməkdaşlığa verdiyi dəstək də qeyd olunub.
Azərbaycanda futbolun inkişafına dövlət səviyyəsində göstərilən diqqət, ölkəmizdə U-15 və U-20 dünya çempionatlarının keçirilməsi və FIFA ilə əməkdaşlığın genişlənməsi milli futbolumuzun inkişafına real təsir göstərə bilərmi? Bu addımlar uzunmüddətli perspektivdə Azərbaycan milli komandasının dünya futbolunun aparıcı komandaları ilə rəqabət apara biləcək səviyyəyə yüksəlməsi üçün yetərli zəmin yaradırmı?
Natiq Muxtarlı: "U-15 dünya çempionatının keçirilməsi Azərbaycan futbolunun inkişafına avtomatik təminat vermir"
İdman mütəxəssisi Natiq Muxtarlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda 15 yaşadək futbolçular arasında dünya çempionatının keçirilməsi özlüyündə futbolun inkişafı üçün yetərli nəticə yaratmaya bilər. Onun fikrincə, böyük beynəlxalq yarışlara ev sahibliyi etməklə yanaşı, ölkədə uşaq futbolunun əsas problemlərinin də həllinə diqqət artırılmalıdır.
Natiq Muxtarlı qeyd edib ki, Azərbaycan çempionatında 12 komandanın mübarizə aparmasına baxmayaraq, onların hamısının öz stadionunun olmaması ciddi infrastruktur probleminin mövcudluğunu göstərir. Mütəxəssis hesab edir ki, bölgələrdə futbol oynamaq istəyən yeniyetmələrin meydança, top və forma kimi ən elementar imkanlara çıxışının məhdud olduğu şəraitdə beynəlxalq yarışların keçirilməsinin futbolun kütləviləşməsinə təsiri ayrıca qiymətləndirilməlidir.
Onun sözlərinə görə, Premyer Liqada çıxış edən bəzi klubların belə ev oyunlarını başqa şəhərlərdə keçirməsi vəziyyətin mürəkkəbliyini göstərir. "Araz-Naxçıvan"ın Qəbələdə, "İmişli"nin isə Qubada ev oyunları keçirməsi klub futbolunda infrastruktur məsələsinin hələ də tam həll olunmadığını nümayiş etdirir.
Mütəxəssis hesab edir ki, 15 yaşlı futbolçular arasında dünya çempionatının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq idman imicinə və təşkilati təcrübəsinə müəyyən töhfə verə bilər. Lakin bunun Azərbaycan futbolunun inkişafına real təsir göstərməsi üçün turnirin təşkilindən əldə olunan təcrübə və imkanlar uşaq futbolunun inkişafına, bölgələrdə futbol infrastrukturunun genişləndirilməsinə və istedadlı yeniyetmələrin hazırlıq sisteminin gücləndirilməsinə yönəldilməlidir.
Natiq Muxtarlı vurğulayıb ki, əsas məsələ yalnız böyük turnirlərə ev sahibliyi etmək deyil, həmin yarışların yaratdığı imkanlardan ölkə futbolunun aşağı yaş qruplarının inkişafı üçün uzunmüddətli şəkildə istifadə etməkdir. Əks halda, beynəlxalq yarışın keçirilməsi ilə yerli futbolun gündəlik problemləri arasında ciddi fərq yaranmış olacaq.
Akif NƏSİRLİ