İsraildə keçirilən son parlament seçkiləri dalana dirənib. Aparıcı televiziya kanallarının keçirdiyi "exit-poll" nəticələrinə görə, nə Baş nazir Binyamin Netanyahu, nə də onun əsas rəqibi Qadi Eizenkot 120 yerlik Knessetdə çoxluq qazana bilir. Televiziya kanallarının proqnozlarına əsasən, Eizenkotun "Yaşar" (Yashar) partiyası ətrafında birləşən müxalifət bloku 52-53 yer, Baş nazir Netanyahunun "Likud" partiyasının rəhbərlik etdiyi blok isə təxminən 50 yer əldə edəcək. Bu bloklar daxilində "Likud" partiyası təxminən 24-25 yerlə parlamentdəki ən böyük siyasi qüvvəyə çevrilir, Eizenkotun "Yaşar" partiyasının isə 21-23 yer qazanacağı gözlənilir. Əsas seçki mübarizəsi sağçı "Likud" partiyasının lideri – İsrailin Baş naziri Binyamin Netanyahu ilə mərkəz-sağ siyasətçi, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Qadi Eizenkotun rəhbərlik etdiyi müxalif "Yaşar" partiyası arasında gedib. Seçkilərdə rekord seçici fəallığı qeydə alınıb. Mərkəzi Seçki Komissiyası (MSK) bildirib ki, yerli vaxtla saat 19:00-a kimi seçicilərin 74,3%-i səs verib. MSK-nın məlumatına görə, bu, müqayisəli statistikaların toplanmağa başlandığı 1973-cü ildən bəri həmin saat üçün qeydə alınan ən yüksək göstəricidir. Çərşənbə axşamı İsrailin Mərkəzi Seçki Komissiyası "Likud" partiyasının seçki məntəqələrinin iş vaxtının uzadılması barədə təklifini rədd edib.Komissiya səsvermənin yerli vaxtla saat 22:00-dan sonraya uzadılmasına ehtiyac olmadığı qənaətinə gəlib. İsrail mediasının məlumatına görə, "Likud"la yanaşı, ultra-ortodoks "Şas" (Shas) partiyası və ifrat sağçı "Yəhudi Gücü" ("Otzma Yehudit") partiyası da səsvermə müddətinin uzadılmasının lehinə çıxış ediblər. Onlar bunu seçki məntəqələrinə insanların kütləvi axını ilə əsaslandırıb. Keçmiş Baş Qərargah rəisi və "Yaşar" partiyasının lideri Qadi Eizenkot isə bu addıma qarşı çıxıb. Prosesdə iştirak edənlərin sözlərinə görə, vaxtın bu cür uzadılmasını əsaslandıracaq heç bir ciddi hadisə baş verməyib.
SAMİRƏ