İran ABŞ-la regional münaqişənin nizamlanması üzrə danışıqlara başlamaq üçün Tehranın irəli sürdüyü yeddi şərtin yerinə yetirilməsini tələb edir. Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf açıqlama verib.
“Tasnim” agentliyinin məlumatına görə, Qalibaf bildirib ki, İranın yeddi tələbi yerinə yetirilməyənədək heç bir addım atılmayacaq və danışıqlar aparılmayacaq.
Parlament sədri həmçinin xəbərdarlıq edib ki, qarşı tərəf İrana qarşı yeni aqressiv addımlara əl atarsa, Tehran hərbi əməliyyatların coğrafiyasını genişləndirməyə hazırdır.
Məlumatlara görə, İranın irəli sürdüyü şərtlər arasında regionda, o cümlədən Livanda hərbi əməliyyatların tam dayandırılması, sanksiyaların ləğvi, ABŞ-ın dəniz blokadasının aradan qaldırılması, dondurulmuş İran aktivlərinin açılması və ölkəyə dəymiş ziyana görə kompensasiya ödənilməsi yer alır.
Xatırladaq ki, ötən həftə ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC-yə müsahibəsində Vaşinqtonun Tehran ABŞ-ın qəbul edə biləcəyi razılaşmaya gələnədək İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcəyini bildirib. O, İranın hazırda neft sata bilmədiyini, lakin bunun enerji daşıyıcılarını idxal edən ölkələrə zərər vurmayacağını iddia edib.
Tahir TAĞIYEV